Ukraynalı boksçu, ağır çəkidə keçmiş mütləq dünya çempionu Aleksandr Usik ölkə prezidentliyinə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 39 yaşlı idmançı xalq arasında dəstək qazana biləcəyini düşünsə də, siyasətə getmək niyyətində olmadığını bildirib.
“Belə bir fikrim olsaydı, düşünürəm ki, mənə daha çox səs verərdilər. Amma Ukrayna prezidentliyinə namizəd olmayacağam”, - deyə Usik bildirib.
Boksçu bununla Ukraynada keçirilən sorğunun nəticələrinə münasibət bildirib. Araşdırmaya əsasən, prezident seçkilərində Usikə respondentlərin altı faizi səs verməyə hazır olduğunu qeyd edib.
Usik peşəkar karyerasında keçirdiyi 25 döyüşün hamısında qalib gəlib. O, qələbələrinin 16-nı vaxtından əvvəl əldə edib. Ukraynalı boksçu peşəkar rinqdə debütünü 2013-cü ilin noyabrında edib.
Usik həmçinin 2012-ci il London Yay Olimpiya Oyunlarının çempionudur.
