Usik Uaylderlə vida döyüşünə razıdır: “O, təhlükəli boksçudur”

30 İyul 2026 17:28
115
Usik Uaylderlə vida döyüşünə razıdır: “O, təhlükəli boksçudur”

Ukraynalı boksçu Oleksandr Usik peşəkar karyerasının son döyüşünü ABŞ-li Deontey Uaylderə qarşı keçirməyə müsbət yanaşır.

İdman.Biz xəbər verir ki, Usik “All Out Fighting”ə müsahibəsində Uaylderi son 10 ilin ən güclü boksçularından biri və “hələ də təhlükəli rəqib” adlandırıb.

39 yaşlı boksçu Uaylder üzərində mümkün qələbənin ona əlavə nüfuz qazandırıb-qazandırmayacağı ilə bağlı fikirlərini də açıqlayıb.

“Mən şöhrət və ya tanınmaq üçün döyüşmürəm. Bu, sadəcə mənim həyatımdır”.

Usik iyunun sonunda WBA, WBC və IBF üzrə ağır çəkidə dünya çempionu titullarından imtina etdiyini açıqlayıb. Ukraynalı boksçu bununla yanaşı, karyerasını bitirmədiyini və rinqdə son bir döyüş keçirmək istədiyini bildirib.

“The Ring”in məlumatına görə, Usiklə Uaylder arasında vida döyüşünün təşkili üçün danışıqlar irəliləmiş mərhələdədir.

Usik peşəkar karyerasında keçirdiyi 25 döyüşün hamısında qalib gəlib. Uaylder isə 50 qarşılaşmada 45 qələbə qazanıb, dörd dəfə məğlub olub və bir görüşü heç-heçə başa vurub.

İdman.Biz