Azərbaycan boksçuları Olimpiadaya hansı qaydada seçiləcəklər? - İDMAN.BİZ-in İCMALI

4 Avqust 2026 12:08
108
Azərbaycan boksçuları Olimpiadaya hansı qaydada seçiləcəklər? - İDMAN.BİZ-in İCMALI

“World Boxing” 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına seçmə sistemini təsdiqləyib. Təsnifat mərhələsi çərçivəsində üç dünya və beş qitə turniri keçiriləcək. Boksçular məhz bu yarışlarda Olimpiadaya vəsiqə qazanmağa çalışacaqlar. Bu isə o deməkdir ki, Azərbaycan millisi də tezliklə Los-Ancelesə aparan yolda mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, seçmə mərhələsi başlamazdan əvvəl də 2028-ci il Olimpiadasına aparan yolu boksun olimpiya idarəetmə sisteminin tam yenidən qurulmasının başlanğıcı adlandırmaq olar. Əsas dəyişiklik ondan ibarətdir ki, ilk dəfə olaraq həm təsnifat yarışlarını, həm də dördilliyin əsas turnirini Beynəlxalq Boks Assosiasiyası (IBA) deyil, “World Boxing” təşkil edəcək. Yeni lisenziya sistemi də məhz bu qurumun ətrafında formalaşdırılıb.

Təşkilat artıq Olimpiadaya təsnifat yarışlarını qəbul edəcək ölkələri müəyyənləşdirib. Beş qitə turniri Paraqvay, Almaniya, Hindistan, Cənubi Afrika Respublikası və Avstraliyada keçiriləcək. Dünya təsnifat turnirlərinə isə Qazaxıstan, Çexiya və Böyük Britaniya ev sahibliyi edəcək. Bununla yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsdiqlədiyi seçmə sisteminə əsasən, 2028-ci il Olimpiadasına vəsiqələr dünya çempionatında da uğrunda mübarizə aparılacaq.

Başqa sözlə, boksçuların Olimpiadaya lisenziya qazanmaq üçün ümumilikdə dörd imkanı olacaq: dünya çempionatı, qitə turniri və üç dünya təsnifat yarışından biri.

Bəs qarşıdakı seçmə mərhələsində Azərbaycan boksçuları üçün nə dəyişəcək? İlk növbədə, qitə turnirlərinin əhəmiyyəti daha da artacaq. Regional çempionatlar həlledici xarakter daşıyacaq. Eyni zamanda, üç dünya təsnifat yarışının keçirilməsi fonunda hər bir startın dəyəri də yüksələcək.

Maraqlıdır ki, “World Boxing” lisenziya turnirlərinin keçiriləcəyi ölkələri açıqlasa da, yarışların baş tutacağı şəhərləri hələ elan etməyib. Şəhərlərin adları təşkilati plan və yarış təqvimi təsdiqləndikdən sonra açıqlanacaq. Hazırda yalnız 2027-ci il dünya çempionatı üçün həm ev sahibi ölkə, həm də şəhər müəyyənləşib. Mundial Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Yarışlar üzrə lisenziyaların tam bölgüsü daha sonra dərc olunacaq. Lakin artıq indidən məlumdur ki, həm kişilər, həm də qadınlar kvotalar uğrunda tam bərabər şəraitdə mübarizə aparacaqlar. Sistem daha mərkəzləşdirilmiş olacaq. Ən vacib məqamlardan biri isə odur ki, Olimpiadaya yalnız təsnifat mərhələsi başlayana qədər milli federasiyası “World Boxing”in üzvü olan ölkələrin idmançıları qatıla biləcəklər. Azərbaycan da ötən ilin mayında bu təşkilata üzv qəbul olunub.

Qeyd etmək lazımdır ki, Los-Anceles Olimpiadasında ilk dəfə boks yarışlarında gender bərabərliyi tam tətbiq ediləcək. Oyunlarda kişilər və qadınlar yeddi çəki dərəcəsində mübarizə aparacaqlar. Hər cins üzrə 124 kvota ayrılacaq, ümumi iştirakçı sayı isə 248 boksçu olacaq. Müqayisə üçün qeyd edək ki, Paris-2024 Olimpiadasında qadınların yarış proqramında çəki dərəcələrinin sayı daha az idi.

Hər halda, olimpiya boksu yeni dövrə qədəm qoyur – yeni rəhbərlik, yeni seçmə sistemi və Los-Anceles Olimpiadasında rinqdə baş verəcək hadisələrə xüsusi gözləntilərlə.

İdman.Biz