Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Xorvatiyanın Opatija şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda Monteneqro millisi ilə qarşılaşıb və oyun rəqibin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun əsas vaxtının başa çatmasına üç saniyə qalmış Azərbaycan 58:61 hesabı ilə geri olub. Bu zaman Monteneqro basketbolçusu iki sərbəst atışdan istifadə edə bilməyib.
Topa yiyələnən Azər İbrahimov öz meydançasından son saniyədə dəqiq atış edərək hesabı bərabərləşdirib - 61:61. Bununla da qarşılaşma əlavə vaxta gedib.
Overtaymda üstünlük qazanan Monteneqro yekunda 77:71 hesablı qələbə əldə edib.
Komandamızın heyətində üç basketbolçu ikirəqəmli xal göstəricisinə çatıb. İsmayıl Abdullayev 24 xal, beş məhsuldar ötürmə və dörd ribaundla yadda qalıb. Emmanuel Aqbason 21 xal, 22 ribaund və doqquz blokla fərqlənib. Hüseyn Məmmədov isə 13 xal, yeddi ribaund və bir məhsuldar ötürmə ilə oyunu başa vurub.
Azərbaycan millisi 13-16-cı yerlər uğrunda növbəti görüşünü Bosniya və Herseqovina - Böyük Britaniya qarşılaşmasının məğlubu ilə keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi beş oyunda iki qələbə qazanıb, üç dəfə məğlub olub. Yığmamız Polşa, İslandiya və Çexiya millilərinə uduzub, Ukrayna və Portuqaliya seçmələri üzərində isə qələbə qazanıb.
10:43
Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi bu gün Xorvatiyanın Opatija şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda Monteneqro millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi beş oyunda iki qələbə qazanıb, üç dəfə məğlub olub. Yığmamız Polşa, İslandiya və Çexiya millilərinə uduzub, Ukrayna və Portuqaliya seçmələri üzərində isə qələbə qazanıb.
