Kişi basketbolçulardan ibarət Azərbaycan 3x3 millisi Avropa Kuboku-2026-nın seçmə mərhələsində San-Marinoya qarşı etdiyi inanılmaz geri dönüşlə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, FIBA 3x3-ün rəsmi hesabı qarşılaşmanın görüntülərini “İlin geri dönüşü” başlığı ilə paylaşıb.
13 iyunda Kosovonun paytaxtı Priştinada keçirilən B qrupunun oyununda Azərbaycan millisi görüşə uğursuz başlayıb. Qarşılaşmanın altıncı dəqiqəsində San-Marino 15:5 hesabı ilə öndə olub.

Matçın başa çatmasına 1 dəqiqə 17 saniyə qalmış rəqib üstünlüyünü qoruyub - 20:14. Buna baxmayaraq, basketbolçularımız mübarizəni dayandırmayıb və ardıcıl yeddi xal toplayaraq hesabı öz xeyrinə dəyişiblər.
Azərbaycan millisi dramatik qarşılaşmada 21:20 hesablı qələbə qazanaraq yarımfinala vəsiqəni təmin edib. Lakin yarımfinalda Azərbaycan basketbol komandası Kiprə məğlub olub (10-21) və turnirdəki iştirakını dayandırıb.
FIBA 3x3 möhtəşəm dönüşün görüntülərini yayımlayaraq Azərbaycan millisinin əzmkarlığını xüsusi vurğulayıb.
