“Gəncə” BK-nın direktoru: “Rəqabətədavamlı komanda qurmaq istəyirik”

5 Avqust 2026 15:01
112
“Gəncə” BK-nın direktoru: “Rəqabətədavamlı komanda qurmaq istəyirik”

“Gəncə” basketbol klubunun (BK) direktoru Elnur Cəfərov komandanın transfer planları və qarşıdakı mövsüm üçün hədəfləri barədə danışıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəfərov komandanın həm daxili, həm də beynəlxalq arenada uğurlu çıxış etməsinin əsas məqsəd olduğunu bildirib.

“Gəncə”nin Avropa klub yarışlarında iştirak edəcək ilk region klubu kimi Azərbaycan basketbolu tarixinə düşdüyünü vurğulayan klub rəsmisi bu amilin həm qürur, həm də əlavə məsuliyyət yaratdığını qeyd edib.

“Bu məqam bizi olduqca həyəcanlandırır. Eyni zamanda, məsuliyyətimizi artırır. Komandamız əvvəlki illərdən fərqli olaraq mövsümöncəsi hazırlıqlara da bu səbəbdən daha tez başlayıb. Yeni baş məşqçimiz məlumdur, təcrübəlidir. Onun istəyi üzərinə heyəti formalaşdırmağa başlamışıq. Məqsədimiz həm xarici, həm də daxili arenada şəhərimizi, klubumuzu uğurla təmsil etməkdir”, - Elnur Cəfərov bildirib.

Klub direktoru transfer çalışmalarının davam etdiyini və artıq bir sıra oyunçularla razılıq əldə olunduğunu açıqlayıb.

“Məşqçilər tərəfindən təklif olunan basketbolçulara baxılır, seleksiya işləri aparılır. Transfer məsələsində diqqətli olmalıyıq. Artıq razılaşdığımız yerli və legioner oyunçular var. Klubumuzun sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq bununla bağlı paylaşımlar edilir, məlumatlar verilir. Yaxın günlərdə daha bir neçə basketbolçunun keçidi haqqında məlumatlar veriləcək.

Daha səviyyəli, güclü, rəqabətədavamlı komanda qurmaq istəyirik”, - Cəfərov əlavə edib.

İdman.Biz