Millimizin basketbolçusu U-18 Avropa çempionatında iki rekord qırıb

4 Avqust 2026 12:47
113
Millimizin basketbolçusu U-18 Avropa çempionatında iki rekord qırıb

Azərbaycanın oğlanlardan ibarət basketbol millisinin mərkəz oyunçusu Emmanuel Aqbason FIBA U-18 Avropa çempionatının B divizionunda iki tarixi rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, FIBA turnirin yekunlarına həsr etdiyi xüsusi materialda 16 yaşlı basketbolçunu yarışın ən parlaq fərdi çıxışlarından birinin müəllifi kimi təqdim edib.

Aqbason keçirdiyi səkkiz qarşılaşmada orta hesabla 16,4 xal, 16,6 ribaund, 1,1 məhsuldar ötürmə, 2,5 topalma və 5 blokla yadda qalıb. Onun orta effektivlik göstəricisi 30,9 olub.

Azərbaycan millisinin üzvü turniri ribaund, blok və effektivlik üzrə birinci, xal göstəricisinə görə beşinci, topalmada isə altıncı pillədə başa vurub.

Aqbason hər oyuna orta hesabla 16,6 ribaund toplamaqla B divizionunun tarixində bu göstərici üzrə yeni rekord müəyyənləşdirib. Əvvəlki ən yaxşı nəticə 2006-cı ildə İngiltərə millisinin basketbolçusu Den Klarka məxsus olub - 15,9 ribaund.

O, orta blok göstəricisində də turnir rekordunu yeniləyib. Aqbasonun hər oyuna 5 bloku 2011-ci ildən Slovakiya təmsilçisi Boris Boyanovskinin sahib olduğu 4,2 blokluq nəticəni geridə qoyub.

Azərbaycanlı basketbolçunun 30,9 orta effektivlik xalı isə yarış tarixinin ikinci ən yaxşı nəticəsidir. Rekord 2011-ci ildə 32 effektivlik xalı toplayan Boyanovskiyə məxsusdur.

Aqbason Portuqaliya ilə oyunda 18 xal, 12 ribaund və 8 blok, Monteneqroya qarşı qarşılaşmada isə 21 xal, 22 ribaund və 9 blok toplayaraq iki dəfə “tripl-dabl”a yaxın olub. O, İslandiya ilə son matçda 23 xal və 23 ribaundla fərqlənib. Azərbaycan millisi turniri 16-cı pillədə başa vurub.

İdman.Biz