Lebron Ceyms haqqında “Son rəqs” tipli sənədli serial çəkilə bilər

2 Avqust 2026 11:59
106
Lebron Ceyms haqqında “Son rəqs” tipli sənədli serial çəkilə bilər

ABŞ-nin “Filadelfiya Seventi Siksers” basketbol komandasının hücumçusu Lebron Ceymsin karyerası haqqında sənədli serialın çəkilməsi planlaşdırılır.

İdman.Biz xəbər verir ki, 41 yaşlı basketbolçu ilə ESPN arasında danışıqlar yekun mərhələyə çatıb. Layihənin Maykl Cordanın karyerasından bəhs edən “Son rəqs” sənədli serialına bənzər formatda hazırlanacağı gözlənilir.

Razılaşma əldə olunarsa, çəkiliş qrupu 2026/27 mövsümündə Ceymsi “Filadelfiya Seventi Siksers”də müşayiət edəcək. Serialda onun yeni komandasındakı çıxışı ilə yanaşı, məktəb illərindən NBA karyerasına qədər keçdiyi yolun əks etdirilməsi planlaşdırılır. Layihədə ictimaiyyətə təqdim edilməyən arxiv görüntülərindən də istifadə oluna bilər.

Maliyyə şərtləri barədə məlumat açıqlanmayıb. ESPN və basketbolçunun nümayəndələri danışıqlarla bağlı rəsmi açıqlama verməyiblər.

Bununla belə, Ceymsin biznes tərəfdaşı Maverik Karter sənədli serialın çəkiləcəyi barədə xəbərləri təkzib edib. O, basketbolçunun karyerasını nə vaxt başa vuracağının müəyyənləşmədiyini bildirib.

Ceyms bu yay “Los-Anceles Leykers”dən ayrılaraq “Filadelfiya Seventi Siksers”ə keçib.

İdman.Biz