“Gəncə” basketbol komandası müdafiəçi Əlibəy Məmmədlini heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, 190 sm boya malik 21 yaşlı basketbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Məmmədli ötən mövsümü kapitan statusunda “Naxçıvan”da keçirib. O, bu komandaya 2025-ci ilin yanvarında “Ordu”dan keçib.
Basketbolçu üçün “Gəncə” yad komanda deyil. Məmmədli 2023/2024 mövsümündə də qərb təmsilçisinin formasını geyinib.
O, daha əvvəl Azərbaycanın U-18 və U-20 yığmalarına cəlb olunub. Məmmədli kişilərdən ibarət 3x3 milli komandanın da üzvüdür.
“Gəncə” ötən mövsüm Azərbaycan Basketbol Liqasını üçüncü pillədə başa vurub. Komanda eyni zamanda Azərbaycan kubokunun qalibi olub.
