“Bu mövsüm çox maraqlı keçdi. Bəli, qrupda üçüncü yeri tuta bilərdik, amma son oyunda emosiyalar pik həddə çatdı”.
İdman.Biz xəbər verir ki, bu sözləri NTD ilə oyundan əvvəl “Sumqayıt” komandasının oyunçu-məşqçisi Aleksey Kitayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, xüsusilə son turda “Sərhədçi” ilə keçirilən oyunda yaşanan məğlubiyyətə toxunub.
A.Kitayev bildirib ki, mövsüm ümumilikdə maraqlı keçib və qrupda üçüncü yeri tutmaq mümkün idi:
“Bu mövsüm çox maraqlı keçdi. Bəli, qrupda üçüncü yeri tuta bilərdik, amma son oyunda emosiyalar pik həddə çatdı. Baş məşqçimiz Vadim Kuramş matçın sonlarında texniki zonadan kənarlaşdırıldı. Eyni zamanda əsas oyun qurucumuz Keon Klerqot da 5 foul alaraq oyundan çıxdı. Nəticədə son hissəni uduzduq”.
O, rəqib komandanı da təbrik edib:
“Sərhədçi komandasını və baş məşqçi Anar Sarıyevi qrupda 3-cü yer tutmaları münasibətilə təbrik edirəm. Onlara pley-in mərhələsində uğurlar arzulayıram”.
Kitayev legionerlərin mövsüm boyu göstərdiyi performansı da xüsusi qeyd edib:
“Legionerlərimiz 40 dəqiqə ərzində fasiləsiz mübarizə apardılar və yaxşı statistik göstəricilərlə yadda qaldılar”.
Sonda o, qarşıdakı pley-in seriyasına da toxunub:
“NTD ilə qarşıdakı seriyada mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Komandama uğurlar arzulayıram”.
