Azərbaycanın basketbol üzrə “Sabah” klubu FIBA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək şansını qoruyur.
İdman.Biz-in məlumatına görə, bu gün Azərbaycanın ən güclü klubu qrup mərhələsinin son oyununda Berlində “Alba” ilə qarşılaşacaq.
Almaniyada qazanılacaq qələbə Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanı 1/16 final mərhələsinə çıxaracaq.
Qrup mərhələsinin ilk dövrəsində komandalar Bakıda üz-üzə gəlib və həmin görüşdə Almaniya klubu 85:76 hesabı ilə qalib gəlib.
Cütün favoriti statusuna baxmayaraq, oyun ərəfəsində Almaniya klubunun düşərgəsində vəziyyət kifayət qədər gərgindir. Bir neçə gün əvvəl bütün turnirlərdə 11 qələbəlik seriyaya malik olan “Alba” Bundesliqada “Hamburq”a 80:99 hesabı ilə uduzub. Məhz buna görə meydan sahiblərinin baş məşqçisi Pedro Kalles “Sabah”la oyundan öncə son məğlubiyyətin dərs olmalı olduğunu bildirib.
“Hamburq”la oyundan nəticə çıxarmalıyıq. Matçlarda qalib gəlmək üçün rəqibdən asılı olmayaraq 40 dəqiqə ərzində maksimum konsentrasiya və enerji lazımdır. Şalon üzərində qələbədən sonra Çempionlar Liqasının qrupunu udmaq şansına layiq idik. Bunun üçün indi evdə “Sabah”ı məğlub etməliyik. Amma Azərbaycan çempionu mövsümün ilk yarısındakı komanda deyil. Onlar heyətdə dəyişikliklər ediblər və oyunlarını xeyli yaxşılaşdırıblar ki, bunu “Nimburk” üzərində qələbə də göstərdi”, - deyə P. Kalles qeyd edib.
“Alba”da da etiraf edirlər ki, onları çətin qarşılaşma gözləyir.
“Sabah” Berlində qələbə qazanacağı təqdirdə qrupda üçüncü yeri tutaraq növbəti mərhələyə yüksələ bilər. Litva basketbolunun əfsanəsi Rimas Kurtinaytis cəmi iki ay ərzində Azərbaycanın yeni flaqman klubunu Çempionlar Liqası səviyyəsinə çıxardıqdan sonra komanda son şansından maksimum yararlanmaq üçün hər şeyi edir. “Sabah”ın avrokubok oyununa optimal hazırlaşması üçün hətta ötən həftəsonuna planlaşdırılan daxili çempionat matçı da təxirə salınıb.
Kurtinaytis əsasən legioner ulduzlara güvənir. İki il əvvəl Pedro Kallesin rəhbərliyi altında “Oldenburq”da çıxış etmiş amerikalı oyun qurucusu Hassani Qravett, mövsümün ikinci yarısında transfer olunan universal basketbolçu Cerri Bleks və amerikalı forvard Kit Cordan tez-tez meydançada 30 dəqiqədən çox vaxt keçirirlər. Kurtinaytisin mərkəz mövqeyində daha çox seçim imkanı var. “Alba”ya qarşı ilk oyunda Castin Tillman xüsusilə fərqlənərək 22 xal toplayıb və yeddi ribaund edib. Atletik ABŞ-li forvard daha sonra zədələnsə də, ötən həftə “Nimburk”la matçda 18 xal və doqquz ribaundla möhtəşəm dönüş edib. Fransalı Jan-Mark Pansa və Latviya millisinin mərkəz oyunçusu Klavs Çavars növbə ilə sentr mövqeyində çıxış edirlər. Berlin klubunun rəsmi saytı rəqibə layiqincə qiymət verərək bunu qeyd edib.
Zəki Feyzullayev
