“Səfərdə güclü rəqibə qarşı oynadıq. Birinci hissədə daha çox müdafiə olunduq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XII turundan səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis fasilədən sonra meydandakı say üstünlüyünün oyuna təsir göstərdiyini deyib. Sadıqov son dəqiqədə vacib qol vurduqlarını bildirib: “Birinci hissədə rəqib azlıqda qaldı. Fasilədən sonra bundan istifadə edə bildik. Görüşün son dəqiqələrində vacib qol vurduq. “Sabah”la səfər oyununda qazanılan qələbə çox önəmlidir”.
Rəşad Sadıqov turnir cədvəlindəki lider mövqeyi barədə də açıqlama verib. O, hər oyuna maksimum nəticə üçün çıxdıqlarını bildirib: “Biz yalnız liderlik haqqında düşünmürük. 24 xal qazanmışıq. Bütün rəqiblər elə də uzaqda deyil. Hər oyuna xal və ya xallar qazanmaq üçün çıxırıq. Buradan bir xalla dönsək belə bu, məni razı salacaqdı. “Sabah”ın son oyunlarına diqqət yetirsək, komanda yüksəlişdədir. Ötən turda səfərdə “Neftçi”yə qalib gəlmişdilər. Bu gün maskimum nəticə qazandığımız üçün sevinirik”.
İdman.biz