“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının beşinci turunda Yevlax şəhər stadionunda “İmişli”ni səfərdə 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis ilk hissədə istədikləri kimi oynadıqlarını bildirib:
“Hansısa komanda 0:2 öndə olarkən hesab bərabərləşirsə, bu, yaxşı hal deyil. Futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik. Anlayıram ki, süni örtüklü meydançada oynamaq çətindir. Amma “İmişli” də eyni meydançada oynayır. Səhvləri araşdıracağıq, hər kəslə danışacağıq. Çox yersiz 2 qol buraxdıq. Bunları etməməli idik. Ən yaxşı amillərdən biri meydana sonradan daxil olan futbolçuların tempi artırması idi”.
Matçdan sonra hakimə narazılığını bildirib-bildirməməsi ilə bağlı suala Vernidub belə cavab verib:
“Hakimə narazı olduğum hansısa məqamla bağlı heç nə demədim”.
Qustavo Klismanın qolunu da dəyərləndirən baş məşqçi bildirib:
“Bəli, bundan da yaxşı qollar görmüşəm. Məni sevindirən odur ki, yeni oyunçular performanslarını artırıblar. Digər xoş tərəf isə odur ki, meydana sonradan buraxdığımız futbolçu belə gözəl qol vurdu və bizə qələbə qazandırdı”.
Müdafiə xəttində çıxış edən futbolçuların tez-tez dəyişdirilməsinə də münasibət bildirən Vernidub deyib:
“Axtarışdayıq. Mərkəz müdafiəçiləri ilə digər oyunçular arasında əlaqələri yoxlamaq üçün bu cür gedişlər edirik. Əsas odur ki, əlimizdə 4 yaxşı mərkəz müdafiəçisi var. Hamı oynamaq istəyir. Çalışacağıq ki, hamıya şans verək”.
Bassala Sambunun iştirak ərizəsində yer almaması və komandadan gedib-getməyəcəyi barədə suala isə mütəxəssis belə cavab verib:
“Bunu zaman göstərəcək. Hələ ki bizimlədir. Bəzi nüanslar var ki, komandanın daxilindədir. Bunları araşdıracağıq. Sambu başa düşməlidir ki, futbola futbol kimi yanaşmaq lazımdır”.
