Anatoli Ponomaryov: “Azərbaycanlı futbolçuların Avropaya getməsi asan deyil” - MÜSAHİBƏ

5 Noyabr 2026 14:41
34
Anatoli Ponomaryov: “Azərbaycanlı futbolçuların Avropaya getməsi asan deyil” - MÜSAHİBƏ

“Həqiqətən çox yaxşı turnir oldu”.

Bunu FIFA agenti, Azərbaycan futbol milli komandasının, “Qarabağ”, “Bakı” klublarında da oynamış Anatoli Ponomaryov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Hazırda FIFA agenti kimi çalışırsınız. Hətta bu yaxınlarda Bakıda keçirilmiş U-15 dünya çempionatı və festivalı da izləmək üçün Bakıya səfər etmişdiniz. Yəqin ki, bu səfər istedadlar tapmaq üçün idi?

- Bəli, Bakıya səfər etmişdim. Həqiqətən çox yaxşı turnir oldu. Nə qədər komanda var idi, nə qədər futbolçu oynadı orada...Təbii ki, həmin istedadlı futbolçuları görmək, seçmək üçün dostumla Bakıda idim. Onunla birlikdə çalışıram, serbdir, Avstriyada yaşayır. Milinkoviç-Saviçlərin qardaşıdır. Yaxşı agent şirkətinə sahibdir. Bir neçə maraqlı futbolçular gördük orada.

- Azərbaycanın U-15 yığmasında necə, istedadlı, Avropaya apara biləcəyiniz oyunçular var idi?

- Bəli, yaxşı uşaqlar var. Amma başa düşmək lazımdır ki, “Avropada bu komandaya getmək istəyirəm” deməklə ora yollanmaq o qədər də asan deyil. Özünüz görürsüz də, dünyada nə qədər futbolçu var və hamı Avropaya getmək istəyir. Gərək çox futbolçudan 2-3 dəfə güclü olasan. Azərbaycanlıların Avropa pasportu da yoxdur. Belə olanda, Avropa klubları üçün azərbaycanlı futbolçuları transfer etmək daha da çətinləşir. Ən yaxşı halda, onları 18 yaşında heyətinə qata bilir. Bəzən elə olur ki, 18 yaşına çatmamış afrikalıları baxışa çağırırlar, baxırlar. 18 yaşı olanda isə həmin kluba keçirlər. Azərbaycanlı futbolçularla bağlı da məsələ belə olur. Asan deyil.

- Azərbaycan futboluna baxırsınız?

- Bəli, baxıram. “Sabah” - “Qarabağ” matçında stadionda idim. Qol vurulmasa da, maraqlı oyun oldu. “Qarabağ”ı da izləyirəm, “Sabah”ı da.

- Millimiz barədə fikiriniz necədir? Hazırda yığma Millətlər Liqasında D divizionundadır. Lixtenşteyn yığmasına da qalib gələ bilmədilər..

- Düzü, mənim üçün nəsə demək çətindir. Millinin oyunlarına baxmaq üçün çox da vaxtım olmadı. O qədər işlərim olur ki, müəyyən ölkələrə gedirik, gənc futbolçuların transferi ilə məşğul oluruq. Vaxt olmur ki, oyunlara baxım.

- Bəs, Azərbaycanın əsas millisində elə futbolçular var ki, onları Avropa klublarına təklif edəsiniz?

- Bilmirəm.

- Millidən heç kimlə işləmirsiniz?

- Xeyr, çalışmıram.

- Musa Qurbanlı İsveçə yollanmışdı, “Yurqorden”də oynadı. Onunla İsveçdə də tez-tez görüşürdünüz. Sizcə, nəyə görə Qurbanlının İsveçdəki karyerası alınmadı?

- Məncə, Musa “Yurqorden”ə çətin anda gəlmişdi, uyğun vaxt deyildi. Bəzən elə olur ki, şans yanında olmalıdır, komanda da yaxşı oynamalıdır ki, sən də relsə düşəsən. Amma Musa gəldiyi vaxtda Azərbaycanda fasilə idi, İsveçdə isə mövsüm davam edirdi. “Yurqorden”in hücumçusu yox idi, dərhal onu oynatmağa başlatdılar. Komanda qalib gələ bilmirdi, Musa da qol vurmurdu. O zaman çox şey neqativ olur. Ancaq başqa şəraitdə, başqa vaxtda gəlsəydi....Məsələn, “Yurqorden” qələbələr qazansaydı, komandanın başqa hücumçusu olsaydı, Musa yavaş-yavaş oynamağa başlayıb, komandaya öyrəşsəydi, bəlkə də hər şey başqa cür alınacaqdı. Ümumilikdə, Musanın özünü pis göstərdiyini demək olmaz. Sadəcə Musa “Yurqorden”ə uyğun vaxtda gəlməmişdi. Yoxsa, Musanın yaxşı futbolçu olduğunu düşünürəm.

İdman.Biz