Elvin Yunuszadə: “Türkiyədə futbola münasibət tamamilə fərqlidir”

5 Noyabr 2026 12:53
31
Elvin Yunuszadə: “Türkiyədə futbola münasibət tamamilə fərqlidir”

“Türkiyə futbol oynamaq üçün çox yaxşı ölkədir. Nəticələrdən və komandanın turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, burada futbola yanaşma tamamilə fərqlidir. Verilən dəyər və münasibət futbolçunun özünü bu peşənin bir parçası kimi hiss etməsinə imkan yaradır. Komandanın turnir cədvəlinin zirvəsində, yaxud sonuncu pilləsində qərarlaşmasından asılı olmayaraq, futbola münasibət dəyişmir. Bu baxımdan Türkiyə futbolunun özünəməxsus atmosferi var”.

Bu sözləri Türkiyə Birinci Liqasında mübarizə aparan “Boluspor”un azərbaycanlı futbolçusu Elvin Yunuszadə deyib.

Yay transfer pəncərəsində Türkiyənin “Boluspor” klubuna keçən 34 yaşlı müdafiəçi komandanın mövsümə hazırlıq prosesində üzləşdiyi çətinliklərdən danışıb.

“Komanda çox gec formalaşdı. Çempionatın başlamasına cəmi 3-4 gün qalmış kollektiv bir araya gəldi. Mən özüm də mövsümün startı ərəfəsində komandaya qoşularaq müqavilə imzaladım. Komanda nə yoldaşlıq görüşləri keçirmişdi, nə də təlim-məşq toplanışında iştirak etmişdi. Belə şəraitdə çempionata başlamaq istər-istəməz nəticələrə təsir göstərdi. Sonradan heyətə yeni futbolçular da qoşuldu. Bütün bunlar klubun mövsümə hazırlıq prosesində özünü göstərdi”, - deyə o futbolinfo.az-a açıqlamasında söyləyib.

Yunuszadə ötən tur “Sivasspor” üzərində qazanılan qələbənin komandaya müsbət təsir etdiyini vurğulayıb. O, əvvəlki qarşılaşmalarda da qələbə qazanmaq üçün kifayət qədər imkanlarının olduğunu bildirib:

“Sivasspor” üzərində qazandığımız qələbə bizim üçün yaxşı motivasiya oldu. Bu uğuru davam etdirməyə çalışacağıq. Düşünürəm ki, məğlub olduğumuz bir çox qarşılaşmada yaxşı oyun nümayiş etdirmişik və qələbə qazanmaq üçün real şanslarımız olub. Hətta bu oyunların təxminən 80 faizində qalib gələ biləcəyimizi düşünürəm. Sadəcə, bəzi xırda nüanslar çatışmadığı üçün istədiyimiz nəticəni əldə edə bilməmişik”.

Mərkəz müdafiəçisi komandanın I Liqada mövsümün qalan hissəsi üçün qarşıya qoyduğu hədəflərdən söz açıb. O, əsas məqsədlərinin liqada mövqelərini yaxşılaşdırmaq və çempionatdakı yerlərini qorumaq olduğunu qeyd edib:

“Əsas hədəfimiz turnir cədvəlində daha yaxşı mövqeyə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edirik. Hazırkı vəziyyət bizi autsayder kimi göstərsə də, əslində, liqada vəziyyət o qədər də birmənalı deyil. Bu, rəqabətin yüksək olduğu və nəticələrin tez-tez dəyişdiyi çempionatdır. Komandalar arasındakı xal fərqi böyük deyil və hər qələbə turnir cədvəlinə ciddi təsir göstərir. Əsas məqsədimiz isə liqada yerimizi qorumaqdır”.

Elvin şəxsi çıxışını da dəyərləndirib. Zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan müdafiəçi hazırda əsas heyətdə daha çox şans qazanmağa çalışdığını bildirib:

“Bu mövsüm üç oyunda meydana çıxmışam. Komandaya qoşulduqdan sonra zədələndim və bu, mənim üçün müəyyən mənada şanssızlıq oldu. Yeni baş məşqçinin gəlişindən sonra, səhv etmirəmsə, ilk oyuna bir tur qalmış məşqlərə qayıtdım. Hazırda da şansımı gözləyirəm. Zədədən sonra komandaya qayıtdığım üçün baş məşqçinin məni yaxından tanımağa və oyun keyfiyyətlərimi qiymətləndirməyə vaxtı olmayıb. Bununla belə, düşünürəm ki, zaman keçdikcə daha çox oynamaq və komandaya fayda vermək imkanı qazanacağam.

Ona görə hələlik şəxsi çıxışımla bağlı konkret fikir bildirmək istəməzdim. Bunun üçün daha çox oyun keçirməli, meydanda özümü göstərməliyəm. Futbolçunun nəyə qadir olduğunu və komandaya nə verə biləcəyini ən yaxşı oyun zamanı görmək mümkündür. Daha çox şans qazandıqdan sonra çıxışımı daha dolğun qiymətləndirə bilərəm. Hazırda komandadayam və yayadək müqaviləm var. Bu müddətdə kollektivə maksimum fayda vermək üçün əlimdən gələni edəcəyəm. Bundan sonrakı mərhələdə nələrin baş verəcəyini isə zaman göstərəcək”.

İdman.Biz