İngiltərə klubu futbolçuların stressini azaltmaq üçün soyunub-geyinmə otağını cəngəlliyə çevirdi - FOTO

5 Noyabr 2026 12:38
17
İngiltərə klubu futbolçuların stressini azaltmaq üçün soyunub-geyinmə otağını cəngəlliyə çevirdi - FOTO

İngiltərənin beşinci divizionunda çıxış edən “Forest Qrin Rovers” futbol komandası oyunçuların stress səviyyəsini azaltmaq və matçlardan əvvəl psixoloji vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə soyunub-geyinmə otağını tropik bağa çevirib.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, layihə Stresslə Mübarizə üzrə Maarifləndirmə Həftəsi çərçivəsində idman psixoloqları və Niderlandın “Plants & Flowers Foundation Holland” fondu ilə birgə həyata keçirilib.

Soyunub-geyinmə otağında 60-dan çox canlı bitki yerləşdirilib. Belə mühitin futbolçulara həyəcanı idarə etməkdə, diqqəti qorumaqda və meydanda daha düşünülmüş qərarlar verməkdə kömək edəcəyi gözlənilir.

Layihədə iştirak edən mütəxəssislərin sözlərinə görə, oyunöncəsi gərginlik çox vaxt nəfəsalmanın sürətlənməsi, əzələlərin gərilməsi və düşüncə aydınlığının azalması ilə müşayiət olunur. Canlı bitkilərlə təmasın sinir sistemini sakitləşdirməyə və zehni yorğunluğu azaltmağa kömək edə biləcəyi ehtimal edilir.

Maraqlıdır ki, qeyri-adi eksperiment komandanın meydandakı müsbət nəticəsi ilə də üst-üstə düşüb. “Forest Qrin Rovers” oktyabrın 28-də “İstli”ni 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Forest Qrin Rovers” futbola ekoloji yanaşması ilə tanınır. Klub davamlı inkişafa xüsusi diqqət yetirir, ekoloji təmiz texnologiyalardan istifadə edir və yalnız bitki mənşəli qidalar təklif edir.

İdman.Biz