“Qarabağ”ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Riçard Almeyda futbolçu karyerasının böyük hissəsini keçirdiyi ölkəyə qayıtdığına işarə edən emosional paylaşım edib.
İdman.Biz xəbər verir ki, 37 yaşlı futbolçu “Instagram” hesabının hekayə bölməsində Azərbaycan bayrağı ilə müşayiət olunan portuqal dilində mesaj yayımlayıb.
“Yaxşı övlad evinə qayıdar. Yaxşı dostlarla yenidən görüşmək, onlar üçün darıxmağa son qoymaq, hər zaman xoşbəxt olduğumuz gözəl anları xatırlamaq...” - deyə Almeyda yazıb.
Bu paylaşım futbolçunun Azərbaycana olan isti münasibətini bir daha nümayiş etdirir. Bununla belə, onun hazırda dəqiq harada olduğu və səfərinin məqsədi barədə məlumat verilməyib.
Xatırladaq ki, Almeyda 2025-ci ilin fevralında “Qarabağ”dan ayrılaraq karyerasını Braziliyada davam etdirib. O, 2026-cı ilin martında “Primavera”dan “XV Piracicaba” klubuna keçib. Lakin futbolçunun hazırkı müqavilə statusu barədə dəqiq məlumat yoxdur. Sentyabr ayında isə Almeyda diz bağlarından aldığı zədə səbəbindən əməliyyat olunduğunu açıqlayıb.
“Qarabağ”da çıxış etdiyi müddətdə 376 oyuna çıxan yarımmüdafiəçi 64 qol vurub, doqquz dəfə Azərbaycan çempionu olub və beş dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan millisinin heyətində 31 oyun keçirərək üç qola imza atıb.
