“Fikrimcə, “Vikinq” layiqli qələbə qazandı. Norveç təmsilçisi bütün meyarlarda “Sabah”ı üstələdi və meydanda dominant futbol sərgilədi”.
Bu sözləri Azərbaycan futbol milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Norveç təmsilçisi “Vikinq”ə qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb.
“Meydan sahibləri 90 dəqiqə rəqibə ciddi təzyiq göstərdi, oyuna nəzarət etdi və hücumlarda daha təhlükəli göründü. “Vikinq”in davamlı təzyiqi “Sabah”ın müdafiə xəttində problemlər yaratdı. Və bunun da nəticəsində müdafiəçilər səhvlərə yol verdilər, arxa xətdə boşluqlar yarandı. Norveçlilər əldə etdikləri şanslardan maksimum yararlandılar. Qarşıda komandanı daha dörd matç gözləyir. İnanıram ki, “Sabah” bu məğlubiyyətdən dərs çıxararaq daha yaxşı oyun nümayiş etdirməyə çalışacaq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Vikinq” - “Sabah” oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
