“Flamenqo” Alisson Bekkeri Braziliyaya qaytarmaq istəyir

5 Noyabr 2026 15:59
30
“Flamenqo” Alisson Bekkeri Braziliyaya qaytarmaq istəyir

Braziliyanın “Flamenqo” futbol klubu İngiltərənin “Liverpul” komandasının qapıçısı Alisson Bekkerlə maraqlanır.

İdman.Biz “Sport Witness”ə isitnadən xəbər verir ki, 34 yaşlı qapıçının adı klubda 2027-ci ildə mümkün transfer üçün müzakirə olunub.

“Flamenqo” hələ rəsmi təklif verməyib. Klubda bəziləri Alissonun təcrübəsini dəyərləndirir, digərləri isə onun yaşı, maaşı və Braziliya millisindəki son çıxışları ilə bağlı şübhələr irəli sürür. Klub qərar versə, hazırlıq dekabrın sonunda başlaya bilər, yanvardan isə ilkin müqavilə imzalamaq mümkün olacaq.

Alisson “İnternasional”ın akademiyasında yetişib və vaxtilə bu kluba qayıtmaq istədiyini deyib. Bu səbəbdən Braziliyaya qayıdarsa, “İnternasional”ı seçə bilər.

“Liverpul” bu il qapıçının müqaviləsini 12 ay uzatmaq hüququndan istifadə edib, lakin yeni razılaşma əldə olunmayıb. Fabrizio Romanoya görə, tərəflər arasında aktiv danışıq yoxdur.

İdman.Biz