Norveçin “Vikinq” futbol klubuna böyük hesabla (1:4) məğlub olan Azərbaycanın “Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti, beşinci turunda Avropanın ən titullu klublarından biri olan İspaniya təmsilçisi “Barselona”nı Bakıda qəbul edəcək. Noyabrın 25-də keçiriləcək qarşılaşma ərəfəsində kataloniyalıların ciddi kadr problemləri var. Hazırda komandanın yeddi futbolçusu zədə səbəbindən müalicə olunur.
İdman.Biz İspaniyanın “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, zədəlilər siyahısına son olaraq Rodri əlavə olunub. Yarımmüdafiəçi Çempionlar Liqasının dördüncü turunda “Aston Villa” ilə matçda (3:0) sağ budunun ikibaşlı əzələsindən zədə alıb.
İlkin proqnozlara əsasən, ispaniyalı futbolçunun bərpası təxminən üç həftə çəkəcək. Bu isə onun zədələndikdən 22 gün sonra keçiriləcək “Sabah”la görüşdə iştirakını sual altına qoyur. Bununla belə, “Barselona” hələlik futbolçunun dəqiq nə vaxt meydana qayıdacağını açıqlamayıb.
Kataloniya klubunun digər zədəli futbolçusu Dani Olmodur. Yarımmüdafiəçi oktyabrın 20-də sol budunun yaxınlaşdırıcı əzələsindən zədə alıb. İlkin məlumata görə, onun bərpası təxminən bir ay davam etməlidir. Beləliklə, futbolçunun Bakıdakı qarşılaşmayadək sıraya dönməsi mümkündür. Lakin onun oyuna hazır olub-olmayacağı bərpa prosesinin gedişindən asılı olacaq.
Müdafiəçi Jül Kunde ilə bağlı vəziyyət də qeyri-müəyyəndir. Sol ayaq biləyinin bağlarını zədələyən futbolçunun meydana qayıdacağı dəqiq tarix açıqlanmayıb. Bununla belə, məşqçilər korpusu yaxın həftələrdə onu yenidən sərəncamında görəcəyinə ümid edir.
Kataloniyalıların iki futbolçusunun isə Azərbaycandakı matçda komandasına kömək etməsi, demək olar ki, mümkün görünmür. Söhbət çarpaz bağları qırılan Runi Bardjidən və gənc müdafiəçi Xavi Espartdan gedir. Sonuncu oktyabrın 25-də “Real Madrid”lə oyunda ayaq biləyindən zədələnib. Həkimlər onun təxminən yeddi həftə yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. Baş məşqçi Hans-Diter Flik Espartın yalnız gələn ilin əvvəlində meydana qayıda biləcəyini istisna etməyib.
Erik Qarsiya və Andreas Kristensenlə bağlı vəziyyət isə daha ümidvericidir. Əzələ zədələrindən sonra bərpa prosesi keçən hər iki müdafiəçinin “Sabah”la görüşdən xeyli əvvəl sıraya dönməsi mümkündür. İspaniya mətbuatının məlumatına görə, Qarsiya artıq əsas komanda ilə məşqlərə başlayıb.
Flik də ümid edir ki, noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra zədəli futbolçuların əksəriyyəti yenidən onun sərəncamında olacaq.
“Ümid edirəm ki, beynəlxalq fasilədən sonra Dani Olmo da daxil olmaqla, bütün futbolçularımız hazır olacaq. Xavi Esparta gəlincə, ola bilsin ki, onu yalnız gələn ilin əvvəlində görə bilək”, - almaniyalı mütəxəssis bildirib.
Beləliklə, hazırkı vəziyyətə görə, “Barselona”nın Bakıya səfəri öncəsi ən ciddi itkiləri Runi Bardji və Xavi Espart ola bilər. Rodri, Dani Olmo və Jül Kundeni isə “Sabah”la matçda görüb-görməyəcəyimiz hələ məlum deyil. Erik Qarsiya və Andreas Kristensenin qarşılaşmayadək bərpa olunmaq şansları isə yüksək qiymətləndirilir.
Qeyd edək ki, “Sabah” - “Barselona” görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra 9 xalı olan “Barselona” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Üç xal toplamış Azərbaycan təmsilçisi “Sabah” isə 31-ci yerdədir.
