İspaniyanın “Barselona” futbol komandası braziliyalı hücumçusu Rafinya ilə müqavilənin müddətini uzatmaq barədə razılıq əldə edib.
İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Müqavilənin imzalanma mərasimi bu gün - noyabrın 5-də klub prezidenti Joan Laportanın iştirakı ilə keçirilib.
Rafinya cari mövsümdə “Barselona”nın heyətində uğurlu çıxışı ilə diqqət çəkir. Hücumçu 2026/2027 mövsümündə 19 qol vurub. Bunlardan 15-i İspaniya La Liqasına, dördü isə UEFA Çempionlar Liqasına təsadüf edir.
Braziliyalı futbolçu “Barselona” tarixində ən çox oyun keçirən həmyerliləri arasında dördüncü pillədə qərarlaşıb. O, 190 qarşılaşmada meydana çıxıb və 94 qolla klub tarixinin ən məhsuldar braziliyalı futbolçuları siyahısında da dördüncü yerdədir.
Qeyd edək ki, Rafinyanın əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.
