“İmişli” Misli Premyer Liqasının beşinci turunda Yevlax şəhər stadionunda “Neftçi”yə 2:3 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov qarşılaşmadan sonra matçla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis “Neftçi”nin ilk dəqiqələrdə təzyiq göstərəcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə, komandasının planı bu təzyiqi üzərindən ataraq öz oyununu göstərmək olub. Lakin ilk 15 dəqiqənin istədikləri kimi keçmədiyini deyən Namazov “İmişli”nin qısa müddətdə iki qol buraxdığını qeyd edib.
Baş məşqçi bundan sonra sistem dəyişikliyinə getdiklərini və futbolçuların meydandakı mövqelərini dəyişdiklərini söyləyib:
“Şükürlər olsun ki, tez toparlandıq və fasiləyə bərabərliklə getdik”.
Namazov ilk 20 dəqiqənin “Neftçi”nin üstünlüyü şəraitində keçdiyini vurğulayıb. O, rəqibin oyundakı üstünlüyünü də etiraf edib:
“Reallıq odur ki, “Neftçi” dominant oynayırdı. Bizim planımız əks-hücumlarda, keçidlərdə üstünlük yaratmaq idi”.
Mütəxəssis Yusif İmanovun qapıda olmamasının onun performansı ilə əlaqəli olmadığını bildirib. Namazov komandada iki gənc qapıçının olduğunu və mövsüm ərzində rotasiyalardan istifadə etməyi planlaşdırdıqlarını deyib. Onun sözlərinə görə, məqsəd hər iki qapıçını daim oyun tonusunda saxlamaqdır.
Baş məşqçi bu qarşılaşmada Sadiq Məmmədzadənin də etimadı doğrultduğunu bildirib: “Sadiq Məmmədzadə qapıda ümidləri doğrultdu”.
Namazov Vüsal Qəmbərovun iştirak ərizəsində yer almamasına da aydınlıq gətirib. O bildirib ki, futbolçu artıq “Şəfa” ilə anlaşıb. Mütəxəssis Qəmbərova mövsümün əvvəlindən təkliflərin olduğunu, “Şəfa”nın təklifinin daha cəlbedici olması səbəbindən klublar arasında razılıq əldə edildiyini söyləyib.
Namazov əlavə edib ki, Vüsal Qəmbərov bundan sonra “Şəfa”nın şərəfini qoruyacaq.
