“Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm”.
Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Mamadu Kane Azərbaycan Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Məğlubiyyəti şərh edərdiniz...
- Oyuna yaxşı başlamadıq. “Neftçi” güclü komandadır. Qol buraxandan sonra geridönüş etmək çətin olur. Oynamağa, hesabı bərabərləşdirməyə çalışdıq. Real qol şanslarımızı dəyərləndirə bilmədik. Ümumilikdə maraqlı qarşılaşma oldu. Qarşıda “Sabah” və “Qarabağ”la oyunlarımız var, onlara hazırlaşacağıq.
- Komandanın belə uğursuz çıxış etməsi nə ilə bağlıdır?
- Futbolda, belə hallar olur. Yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır. Bu durumdan çıxmağa çalışacağıq.
- Vaxtilə “Neftçi”də çıxış etmisiniz və bu klubda adınızdan söz etdirə bilmisiniz. İndi isə “Neftçi”yə qarşı oynamaq necə hissdir?
- Yaxşı hisslərdir. Peşəkar futbolçuyam və hər oyunda motivasiyam var.
- “Neftçi” sizin oynadığınız dönəmdə daha güclü idi, yoxsa indi?
- Müqayisə etməyi sevmirəm. Onlar əvvəl də, indi də güclüdürlər.
- Öz oyununuzu necə dəyərləndirirsiniz?
- Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm. Məşqlərdə, matçlarda çox çalışıram. Uğursuz zolaqdan çıxmalıyıq. İndiki məqamda bizim üçün yaxşı oyun yox, nəticə daha vacibdir.
