Elvin Bədəlov “Neftçi”nin liderliyə yüksəlməsinə münasibət bildirdi

23 Noyabr 2026 15:23
41
Elvin Bədəlov “Neftçi”nin liderliyə yüksəlməsinə münasibət bildirdi

“Səfərdə qələbə qazanmaq xoşdur”.

Bu sözləri “Neftçi”nin futbolçusu Elvin Bədəlov deyib.

Müdafiəçi “Araz-Naxçıvan” üzərində 3:1 hesablı qələbə qazandıqları Misli Premyer Liqasının 12-ci turunun oyunundan sonra fikirlərini bölüşüb.

“Şamaxı şəhər stadionunun bizə düşüb-düşmədiyini demək bir az çətindir. Burada oynamaq ağırdır. Çünki süni ot örtüyündə futbol oynamaq daha çətindir. Bunu topla rəftar zamanı da hiss edirsən. Amma şükürlər olsun ki, qalib gəldik. Əsas olan da budur. Qol buraxmasaydıq, daha yaxşı olardı. Lakin hazırda bizə üç xal lazım idi. Azarkeşlərimizi təbrik edirəm”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Elvin Bədəlov “Neftçi”nin turnir cədvəlinin ilk pilləsinə yüksəlməsinə də münasibət bildirib:

“Buna görə xoşbəxtik. İlk növbədə məqsədimiz qış fasiləsinədək liderliyimizi qorumaqdır. Buna inanırıq və bunun üçün çalışacağıq. “Araz-Naxçıvan”la matçda daha yaxşı oynaya bilərdim. Amma əsas qələbədir. Mənim şəxsi performansım elə də önəmli deyil. “Neftçi” ailəsini təbrik edirəm”.

İdman.Biz