Samir Abasov: “Qol buraxsaydıq, çox çətin olardı”

Müsahibə
13 Fevral 2024 20:03
159
Samir Abasov: “Qol buraxsaydıq, çox çətin olardı”

“Hər iki komanda oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. İndiyə kimi bu qədər sıx, mücadilə dolu oyuna rast gəlinməyib”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” (0:0) ilə xalları yarıya bölən komandanın çalışdırıcısı əsas məqsədin uduzmamaq olduğunu bildirib: “Bir səhv matçın müqəddəratını həll edə bilərdi. İnanmıram ki, qol buraxsaydıq geridönüş edə bilərdik və ya qol vursaydıq qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Hər iki komanda eyni oynadı. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik. Yorğunluğa baxmayaraq futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə "Zirə"dən 1 xal almaq pis nəticə deyil”.

Samir Abasov qaçırılan penaltilərə bağlı danışıb: “Penaltilərin qaçırılması həyəcandandır. Deyərdim ki, bərbad penalti idi. Sayılmayan qola gəldikdə isə yəqin ki, ofsayd var idi. Bunu müzakirə etmirəm. Penalti epizodları zamanı da etiraz olmadı. Referinin düzgün qərar verdiyinə inanıram. Bu gün qol buraxsaydıq, çox çətin olardı. Komandama təşəkkür edirəm”.

Qeyd edək ki, “Sumqayıt” 35 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

İdman.biz