“İmişli”dən ayrılan futbolçu: “Mənimlə sağollaşmadılar”

21 İyun 2026 17:29
94
“İmişli”dən ayrılan futbolçu: “Mənimlə sağollaşmadılar”

Həzrət İsayev “İmişli” futbol klubundan ayrılığı barədə danışıb.

İdman.Biz xəbər verir ki, 24 yaşlı müdafiəçi klubdan gedişinin özü üçün gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, komanda yoldaşları və məşqçilər də bu qərarı gözləməyib.

“Bu ayrılığı nəinki mən, hətta komanda yoldaşlarım və məşqçilər də gözləmirdi. Çünki komandanın yarandığı gündən burada olmuşam. Hər şey çox yaxşı gedirdi. Ötən mövsümün ikinci yarısında mənə bildirmişdilər ki, əməkdaşlığı davam etdirəcəyik və müqaviləm yenilənəcək. Lakin yeni mövsümün başlamasına 2-3 həftə qalmış mənə bir sənəd təqdim edərək yollarımızı ayırdıqlarını bildirdilər. Təəssüf ki, mənimlə görüşüb sağollaşmağa belə ehtiyac duymadılar”, - deyə İsayev futbolinfo.az-a bildirib.

Müdafiəçi “İmişli”də keçirdiyi üç ili xoş xatirələrlə xatırladığını söyləyib. O, Premyer Liqadakı debütünü də məhz bu komandanın heyətində etdiyini vurğulayıb:

“Üç il “İmişli”də çıxış etdim və burada çox gözəl günlər yaşadım. Premyer Liqadakı debütümü də məhz bu komandanın heyətində etdim. Futbolçu kimi inkişaf etməyimdə və yüksəlməyimdə “İmişli”nin böyük rolu olub. Buna görə kluba təşəkkür edirəm. Ayrılığın səbəblərini tam olaraq bilmirəm. Amma bu üç il mənə çox şey öyrətdi”.

İsayev ötən mövsümü nə çox uğurlu, nə də uğursuz hesab etdiyini qeyd edib. O, daha çox çalışmalı və inkişaf etməli olduğunu bildirib.

Futbolçu hazırda 2-3 klubla danışıqlar apardığını da açıqlayıb. İsayev hər şey qaydasında gedəcəyi halda karyerasını yenidən Premyer Liqada davam etdirmək istədiyini deyib.

İdman.Biz