“İmişli” PFK-da gənc futbolçuların inkişafına yönəlmiş fəaliyyətlərin daha da gücləndirilməsi məqsədilə təcrübəli mütəxəssis Rövşən Babayev klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub.
İdman.Biz kluba istinadən bildirir ki, uzun illər Azərbaycan futbolunda həm oyunçu, həm də məşqçi kimi fəaliyyət göstərən Rövşən Babayev zəngin təcrübəyə malikdir. UEFA “A” kateqoriyalı məşqçi lisenziyasının sahibi olan mütəxəssis müxtəlif yaş qruplarında futbolçuların hazırlanması, akademiya idarəçiliyi və peşəkar komandaların məşqçi korpusunda çalışması ilə seçilib. O, karyerası ərzində “Sabah”, “Simurq”, “İnter”, “Sumqayıt”, “Xəzər” və digər klublarda fəaliyyət göstərib.
Yeni vəzifəsində Rövşən Babayev klubun uşaq və yeniyetmə futbolunun inkişafı, istedadların aşkarlanması, akademiya sisteminin təkmilləşdirilməsi və gənc futbolçuların əsas komandaya inteqrasiyası istiqamətində fəaliyyət göstərəcək.
Təcrübəli mütəxəssis Ruhid Usubov isə “İmişli” PFK-nın klubun əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
“İmişli” PFK-da növbəti kadr təyinatı da həyata keçirilib. Təcrübəli mütəxəssis Vüqar Əsgərli klubun U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
UEFA Pro lisenziyasına malik olan Vüqar Əsgərli Azərbaycan futbolunda həm peşəkar futbolçu, həm də məşqçi kimi uzun illər fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə “Qarabağ” FK-nın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı” FK-nın baş məşqçisi kimi çalışıb.
Bundan başqa, Azərbaycanın U-19 qadınlardan ibarət milli komandasının baş məşqçisi olub və ölkəmizi UEFA turnirlərində təmsil edib.
