Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə yenidən maraqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşrinin “GE” portalı məlumat yayıb.
Bildirilib ki, Rio-de-Janeyro təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün “Qarabağ”a 1,5 milyon ABŞ dolları təklif edib. Lakin Ağdam klubu bu məbləği qəbul etməyib.
Məlumata görə, “Qarabağ” əvvəlki transfer pəncərəsində Rusiyanın “Rubin Kazan” klubundan Bikalyo üçün gələn 2,5 milyon dollarlıq təklifi də geri çevirib.
Qeyd olunur ki, “Botafoqo” daha əvvəl də braziliyalı yarımmüdafiəçi üçün iki təklif göndərib. Həmin təkliflər icarə və sonradan satınalma variantını nəzərdə tutub. Azərbaycan klubu isə futbolçunun dərhal transferini və ödənişin həyata keçirilməsini istəyib.
Pedro Bikalyo 2025-ci ilin yayında “Qarabağ”a keçib. O, daha əvvəl “Palmeyras”, “Santa Klara” və “Alverka” klublarında çıxış edib.
25 yaşlı futbolçu 2022-ci ildə “Palmeyras”ın U-20 komandasının kapitanı olub və həmin il San-Paulu Gənclər Kubokunun qalibi olub.
