“Demək olar ki, millidəki futbolçularımız onlardan tələb olunanı yerinə yetirdilər. Qolu vaxtında vurmaq vacib idi. Lixtenşteyn qapalı oynasa da, rəqibi üzərimizə çəkməyə çalışırdıq. Ön xətdəki pressinqlə meydan sahiblərini təzyiq altında saxlamağı bacardıq”.
Bu sözləri Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov yığmamızın səfərdə Lixtenşteyn üzərində qazandığı qələbəni (1:0) şərh edərkən və bu gün Andorra ilə keçiriləcək yoldaşlıq görüşü barədə danışarkən deyib.
Veteran forvard Vadutsdakı matçda komandamızın taktiki üstünlüyünü və AÇ-2028-in pley-off şanslarını dəyərləndirib, həmçinin qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb.
“Biz təzyiq göstərəndə Lixtenşteyn ardıcıl 2-3 düz ötürmə edə bilmirdi. Onlar 5 müdafiəçi ilə oynayırdılar. Məqsədləri bizi əks-hücumda yaxalamaq idi. Amma Azərbaycan millisi öz oyunu ilə rəqibin oyun planını pozdu və qarşısına qoyulan hədəfə çatdı. İlk 15 dəqiqədə qol vura bilməsək də, 26-cı dəqiqədə Mahir Emreli hesabı açdı. Qoldan sonra da yaxşı imkanlarımız oldu. Yəni Lixtenşteynə 3-4 qol da vurmaq mümkün idi. Reallıq budur ki, milli D Liqasına layiq olmadığını qazandığı nəticə ilə isbatladı. Ümid edirəm ki, D Liqasının digər qrupunda Cəbəllüttariq yığması Maltanı məğlub edəcək və millimiz AÇ-2028-in pley-off mərhələsində də oynamaq hüququ qazanacaq.
Yəqin ki, Ayxan Abbasov bu gün Andorra ilə yoldaşlıq görüşündə az oynayan futbolçuları da yoxlayacaq. Andorra dişimizə uyğun rəqibdir. Bu matçda nəticə o qədər də vacib olmasa belə, qələbə qazanmaq həmişə xoşdur. Millinin üzərində hər hansı təzyiq yoxdur. Komandamızdan qələbə gözləyirəm”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupundakı mübarizəni son matçda Lixtenşteyni səfərdə 1:0 hesabı ilə üstələyərək qrup lideri kimi başa vuran Azərbaycan millisi bu gün Andorra ilə yoldaşlıq görüşünə çıxacaq.
Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan - Andorra görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
