Sabiq baş məşqçi Azərbaycan - Andorra oyunu ilə bağlı gözləntilərini açıqladı

16 Noyabr 2026 17:13
45
Sabiq baş məşqçi Azərbaycan - Andorra oyunu ilə bağlı gözləntilərini açıqladı

“Bu, ilin son yoldaşlıq görüşüdür. Bildiyimiz kimi, Ayxan Abbasov bu təlim-məşq toplanışına bir neçə yeni və gənc futbolçu dəvət edib. Bu baxımdan düşünürəm ki, oyunun əhəmiyyəti daha çox həmin futbolçulara şans vermək, onları milliyə uyğunlaşdırmaq və gələcək üçün ehtiyat qüvvə kimi hazırlamaqdır”.

Bu sözləri Azərbaycan millisinin və “Sabah”ın sabiq çalışdırıcısı Arif Əsədov Azərbaycan millisinin bu gün Andorra ilə keçirəcəyi yoxlama matçı barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis görüşün əsas məqsədindən, gənc futbolçuların yoxlanılmasının vacibliyindən və qələbə qazanmağın komandaya qatacağı psixoloji üstünlükdən söz açıb.

“Bu, millimizin gələcəyi baxımından yaxşı addımdır. Onları indidən yoxlamaq vacibdir. Təbii ki, əsas strategiyalardan biri də bu olacaq. Bununla yanaşı, millimiz hər oyuna qələbə qazanmaq məqsədilə çıxmalıdır. Ayxan Abbasov da qalib gəlmək üçün komandaya uyğun oyun üslubu və tapşırıqlar müəyyənləşdirəcək. Düşünürəm ki, futbolçularımızın fərdi keyfiyyətləri baxımından Andorra millisini üstələyirik. Əsas məqam qeyd etdiyim aspektləri nəzərə almaq, yeni oyunçulara şans verməklə yanaşı, qələbə hədəfini də unutmamaqdır. Çünki hər bir qələbə həm komandanın özünəinamını artırır, həm də debüt edəcək yeni futbolçular üçün böyük motivasiya olur. Millidəki karyeralarına qələbə ilə başlamaq onların gələcək inkişafına da ciddi təkan verə bilər. Uğurlar arzulayıram!”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Azərbaycan və Andorra yığmaları arasında keçiriləcək yoxlama görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İdman.Biz