“Traktor”un qapıçısı müqaviləsi ilə bağlı hüquqi qalmaqal yaratdı

16 Noyabr 2026 15:42
30
“Traktor”un qapıçısı müqaviləsi ilə bağlı hüquqi qalmaqal yaratdı

Təbrizin “Traktor” futbol komandasının qapıçısı Əlirza Biravənd klub ilə müqaviləsinin etibarlılığını mübahisələndirib.

İdman.Biz xəbər verir ki, 15 oktyabr tarixində müqaviləsini üç il müddətinə uzadan qapıçı daha sonra hərbi xidmətə yollanıb.

Lakin müqavilənin imzalanmasından bir ay keçməsinə baxmayaraq, sənəddə klubun həmin vaxtkı baş direktoru Höccət Kəriminin imzasının olmadığı üzə çıxıb. Kəriminin vəzifəsindən ayrılması isə müqavilənin hüquqi qüvvəsi ilə bağlı mübahisəyə səbəb olub.

Müqavilədə klubun təmsilçisi kimi Kəriminin adı göstərildiyindən sənədin yeni baş direktor Səid Müzəffərzadə tərəfindən imzalanmasının zəruri olduğu bildirilir.

“Traktor” rəhbərliyi isə müqavilənin klubun İdarə Heyətinin sədri Abbas Elyasi tərəfindən imzalandığını və hüquqi qüvvəyə malik olduğunu iddia edir. Biravənd isə bunun yalan olduğunu söyləyir.

Məhz buna görə də qapıçı ötən gün İran Futbol Federasiyasına və Peşəkar Liqa Təşkilatına rəsmi məktub ünvanlayıb. O, müqaviləsinin klubun həmin vaxtkı baş direktoru tərəfindən imzalanmadığını əsas gətirərək sənədin hüquqi baxımdan etibarsız olduğunu bildirib.

Bu onu göstərir ki, İran millisinin əsas qapıçısı ilə Təbriz klubu arasında ciddi hüquqi mübahisənin yaranacaq. Tərəflərin mövqeləri fərqli olduğundan məsələnin necə həll ediləcəyi hələlik məlum deyil.

İdman.Biz