Braziliyalı futbolçu Neymarın tanınmış bloqer və iş qadını Virciniya Fonseka ilə münasibətdə olması barədə yayılan xəbərlər gündəm yaradıb.
İdman.Biz xəbər verir ki, “Metrópoles” nəşrinin köşə yazarı Fabiya Oliveyranın məlumatına görə, Neymar və Virciniya noyabrın 6-da San-Paulu Qran-prisindən əvvəl təşkil olunan qapalı məclisdə yaxınlıq ediblər. İddialara əsasən, onlar qonaqların gözü qarşısında öpüşüblər. Tədbirdə mobil telefonlardan istifadəyə də icazə verilməyib.
Xəbərlərin yayılmasından sonra hər iki tərəf iddialara münasibət bildirib. Virciniyanın nümayəndələri məlumatları qəti şəkildə təkzib edərək, onları əsassız adlandırıblar.
Neymar da sosial şəbəkədə yayılan xəbərlərə sərt reaksiya verib:
“Mən adətən sosial şəbəkələrdə özümü müdafiə etmirəm, amma bu dəfə məsələ həddini aşdı. Başqa bir qadınla münasibətdə olmağımla bağlı yayılan xəbərləri təkzib edirəm. İnsanları həqiqəti öyrənməkdən daha çox məşhur adlar ətrafında qalmaqal yaratmaq maraqlandırır. Komandam artıq açıqlama verib, amma son nöqtəni qoymaq üçün özüm də danışmalı oldum. Məni rahat buraxın, pokerimi oynayım”.
Qeyd edək ki, Neymar braziliyalı model Bruna Byankardi ilə evlidir. Cütlüyün iki övladı var və hazırda üçüncü uşaqlarını gözləyirlər. 27 yaşlı Virciniya Fonseka isə futbolçu Vinisius Juniorla münasibətlərinə son qoyduqdan sonra subaydır.
