Azərbaycanın “Qarabağ” futbol klubunun yeni transferi Jali Muaddib komandaya keçidi barədə danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu “Zirə”yə qarşı keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında Ağdam klubundan təklif alan kimi qərarını verdiyini bildirib.
“Kiprdə oynayırdım. “Qarabağ”dan təklif gəldi. Bu barədə ailəmlə danışdım. Onlar da razılıq verdi. “Qarabağ” haqda məlumatım var idi. Çünki bu klub son illərdə hər zaman Avropa turnirlərində oynayır. Fəxr edirəm ki, “Qarabağ”ın bir hissəsiyəm. Başqa təkliflərim də var idi, lakin seçimim “Qarabağ”dan yana oldu”, - deyə Muaddib sportal.az-a söyləyib.
Yeni transfer komandaya uyğunlaşma prosesindən də danışıb. Onun sözlərinə görə, “Qarabağ”dakı futbolçular ona kömək edir və o da qısa zamanda komandanın tələblərinə uyğunlaşmağa çalışır.
“Qarabağ” mənə təklif göndərən kimi bir gün ərzində bu kluba “hə” dedim. Klub son illərdə Avropada daimi oynayır, uğurlu çıxış edir. Komandanın strukturu bəllidir, baş məşqçi uzun illərdir buradadır. Bütün bunları nəzərə alaraq, qərarımı tez verdim”, - deyə o əlavə edib.
Muaddib UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları İslandiyanın “Vestri” klubu barədə də fikirlərini bölüşüb.
“Bildiyimiz odur ki, “Vestri” birinci liqa komandasıdır və son mövsümdə İslandiya kubokunu qazanıb. Amma avrokuboklarda zəif rəqib yoxdur. Əlimizdən gələni edəcəyik ki, onları məğlub edib növbəti mərhələyə keçək”, - deyə “Qarabağ”ın futbolçusu vurğulayıb.
