Rəsul Çunayev Hacı Əliyevin tənqid edilməsinə münasibət bildirdi - ÖZƏL

4 Avqust 2026 17:50
113
Rəsul Çunayev Hacı Əliyevin tənqid edilməsinə münasibət bildirdi - ÖZƏL

Bakıda başa çatan 17 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləşçilərimizin nəticələrini uğurlu hesab etmək olmaz. Komandanın əsas məşqçisi Hacı Əliyevin rəhbərlik etdiyi komanda doğma döşəkdə yalnız bir gümüş medalla kifayətlənməli oldu. Sərbəst güləş üzrə yığmamıza yeganə medalı 51 kiloqramda güləşən İbrahim Həsənov qazandırıb.

Bu nəticədən sonra komandanın əsas məşqçisi Hacı Əliyev idman ictimaiyyəti tərəfindən müəyyən tənqidlərlə üzləşib.

Sərbəst güləşçilər ətrafında yaranan müzakirələrə münasibət bildirən yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev İdman.Biz-ə verdiyi açıqlamada bildirib ki, idmanda hər zaman qələbə ilə yanaşı, enişlər və çətin mərhələlər də olur.

“Hacı Əliyev Azərbaycan idmanı üçün böyük xidmətləri olmuş, iki qat Olimpiya mükafatçısı, dünya və Avropa çempionudur. Onun zəngin xalça təcrübəsi və idmançı ruhu mübahisəsizdir.

​Məşqçilik fəaliyyətinə gəldikdə isə, xüsusən yeniyetmə və gənc idmançılarla işləmək uzunmüddətli sistem və səbir tələb edən bir prosesdir. Nəticələri yalnız bir turnirin göstəriciləri ilə qiymətləndirmək doğru olmaz. Yenidən qurulma, nəsil dəyişimi və gənc pəhləvanların beynəlxalq təcrübə qazanması zaman alır”.

Bununla belə, veteran yunan-Roma güləşçisi əlavə edib ki, tənqidlər idmanın bir hissəsidir və hər bir idman xadimi bundan düzgün nəticə çıxarmağa çalışır.

​“Əminəm ki, Hacı müəllim də bu təcrübələrdən istifadə edərək komandanın zəif tərəflərini təhlil edəcək və gələcək yarışlarda komandamız daha yüksək əyarlı medallarla bizi sevindirəcək. Bizim vəzifəmiz mürəkkəb keçid dövründə idmançılarımıza və məşqçilərimizə dəstək olmaqdır”.

İdman.Biz