Azərbaycan güləşçiləri Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində doqquz medal əldə ediblər.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində Ruslan Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Eyni çəkidə mübarizə aparan Musa Ağayev isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində Ruslan Nurullayev 72 kq, Tuncay Vəzirzadə isə 87 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Məmmədli 63 kq-da turniri bürünc medalla tamamlayıb.
İlk yarış günündə sərbəst güləşçilərdən Xetaq Karsanov 125 kq-da gümüş, Ramik Heybətov 70 kq-da bürünc medal əldə edib. Yunan-Roma güləşində Sərxan Məmmədov 130 kq-da ikinci, eyni çəkidə çıxış edən Beka Kandelaki isə üçüncü yeri tutub.
Beləliklə, Azərbaycan təmsilçiləri turniri üç qızıl, iki gümüş və dörd bürünc medalla başa vurublar.
