Yeni transferlər ümidləri doğrultmadı: "Qarabağ" niyə uduzdu? - İDMAN.BİZ-İN TƏHLİLİ

6 Avqust 2026 23:50
88
Yeni transferlər ümidləri doğrultmadı: "Qarabağ" niyə uduzdu? - İDMAN.BİZ-İN TƏHLİLİ

"Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzması təkcə nəticəyə görə deyil, yay transferlərinin çıxışına görə də ciddi müzakirələrə səbəb oldu. Ağdam klubunun yeni futbolçuları ilk dəfə həqiqətən yüksək səviyyəli sınaq ilə üz-üzə qaldılar və demək olar ki, heç biri gözləntiləri doğrulda bilmədi.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası oyunun taleyini 10-cu dəqiqədə həll edən Matvey Ponomarenkonun qolundan sonra məğlub oldu. Maraqlıdır ki, UEFA statistikasına əsasən "Qarabağ" topa daha çox sahib olub (56 faiz), rəqibdən daha çox zərbə vurub (15:10) və daha çox künc zərbəsi qazanıb (7:2). Ancaq bütün bunlar real qol imkanlarına çevrilmədi.

Bu matçdan sonra bir nəticə artıq görünür: yay transferləri hələlik "Qarabağ"ı əvvəlki illərdə olduğu kimi gücləndirə bilməyib.

Varkonyi – bir səhv bütün oyunu kölgədə qoydu

Macarıstanlı müdafiəçi Bense Varkonyi üçün debütü uğurlu saymaq mümkün deyil.

Buraxılan yeganə qol məhz onun uğursuz baş ötürməsindən sonra gəldi. Ponomarenko yaranan qarışıqlıqdan maksimum istifadə etdi və "Dinamo"ya qələbə qazandıran qolu vurdu.

Düzdür, sonradan Varkonyi toparlandı, bir neçə vacib top kəsdi və standart vəziyyətlərdə hücuma da qoşuldu. Amma mərkəz müdafiəçisi üçün belə səhvlər çox baha başa gəlir.

Makretskis cavab oyunundan məhrum oldu

Mərkəz müdafiəsinin digər yeni siması Cebrails Makretskis də yadda qalan performans sərgiləmədi.

Oyunun sonlarında VAR müdaxiləsindən sonra Vladislav Kabayevə qarşı təhlükəli oyuna görə birbaşa qırmızı vərəqə aldı. Bu isə o deməkdir ki, müdafiəçi cavab matçında komandaya kömək edə bilməyəcək.

Muaddib ümid verdi

Yeni transferlər arasında ən müsbət təəssürat yaradan futbolçu Jali Muaddib oldu.

Birinci hissədə "Qarabağ"ın hücumlarının əksəriyyəti onun cinahı üzərindən qurulurdu. O, daim oyunun içində idi, boş zonalara açılırdı və ikinci hissədə komandasının ən real qol imkanını əldə etdi. Təəssüf ki, həlledici anda topu qapının çərçivəsinə göndərə bilmədi.

Buna baxmayaraq, Muaddib göstərdi ki, gələcəkdə komandanın əsas oyunçularından birinə çevrilmək potensialına malikdir.

Sefas görünmədi

Renaldo Sefas isə meydanda olduğu müddətdə demək olar ki, nəzərə çarpmadı.

Nə təhlükəli zərbə, nə kəskin ötürmə, nə də rəqib müdafiəsini çətin vəziyyətə salacaq epizod. İlk hissənin ortalarından etibarən "Qarabağ"ın sol cinahı demək olar ki, tamamilə sönmüşdü. Təsadüfi deyil ki, fasilədən sonra Qurban Qurbanov onu əvəzlədi.

Hələlik məhz Sefas yay transferlərinin ən uğursuzu təsiri bağışlayır.

Lobatu və Lanqa oyuna təsir edə bilmədi

Samuel Lobatu və Bruno Lanqa ikinci hissədə meydana daxil olsalar da, oyunun gedişini dəyişməkdə aciz qaldılar.

Onların cəmi 15-20 dəqiqə oynamasını nəzərə alsaq, qəti nəticə çıxarmaq tezdir. Amma ilk təəssürat da xüsusi nikbinlik yaratmır.

Problem təkcə yeni transferlər deyil

Məğlubiyyəti yalnız yeni futbolçuların üzərinə yıxmaq da düzgün olmaz.

Abdulla Zubir buraxılan qoldan əvvəl top itkisinə yol verdi.

Mateus Silva həlledici epizodda Ponomarenkoya uduzdu.

Aleksey Kaşuk yenə bir neçə perspektivli hücumu düzgün qərar verə bilmədiyi üçün yarımçıq qoydu. Açığı, bu artıq təəccüblü görünmür.

Marko Yankoviç də adət etdiyimiz səviyyədən uzaq idi. O, nə oyunu mərkəzdən idarə edə bildi, nə də standart vəziyyətlərdən fayda çıxardı.

Komandada ən etibarlı futbolçu isə yenə də Koxalski oldu. Məhz onun bir neçə vacib qurtarışı hesabın böyüməsinə imkan vermədi.

Narahatedici mənzərə

"Qarabağ"ın yeni transferləri ilk ciddi sınaqdan keçə bilmədi.

Muaddib ümid verdi. Varkonyi kobud səhvə yol verdi. Makretskis qırmızı vərəqə aldı. Sefas isə oyunda demək olar ki, görünmədi.

Ancaq əsas problem fərdi səhvlərdən də böyükdür. Hazırda yeni futbolçularla komandanın illərdir birlikdə çıxış edən aparıcı oyunçuları arasında lazımi uyğunluq və qarşılıqlı anlaşma görünmür. Bu isə cavab oyunu öncəsi Qurban Qurbanov üçün nəticədən də ciddi siqnal sayıla bilər.

İdman.Biz