Yuri Maksimov: “Sonuncu yerdə olsaq da, hər oyuna qələbə üçün çıxırıq”

7 Noyabr 2026 19:47
44
Yuri Maksimov: “Sonuncu yerdə olsaq da, hər oyuna qələbə üçün çıxırıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 11-ci turunda “Şəfa” ilə 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını, lakin müdafiədə səhvlərə yol verdiklərini açıqlayıb.

“Hər iki komanda döyüşdü. Heyətimizdə itkilər var idi. Zədəli futbolçularımızın çox olması heyət qurmaqda çətinlik yaratdı. Oyunun heç-heçə başa çatmasına rəğmən razı qaldım. Hər dəfə öz səhvlərimizdən sadə qollar buraxırıq. Ehtiyat skamyamız kasad olduğuna görə dəyişiklik edə bilmədik”.

Maksimov çempionatda qarşıdan gələn iki həftəlik fasilədə hansı problemləri həll etməyə çalışacaqlarına da aydınlıq gətirib:

“Zirə” ilə matçda da üç oyunçumuz zədələndi. Qarşıda iki həftəlik fasilə var və ümid edirik ki, zədəli futbolçularımız sağalıb bizə qoşulacaq. Bu müddətdə məşqlərimizi davam etdirəcəyik. Hazırda əsas məqsəd zədəli futbolçuların komandaya qayıtmasıdır. Onlar bizim üçün vacib oyunçulardır”.

Növbəti turda lider “Neftçi” ilə qarşılaşacaqlarını xatırladan mütəxəssis futbolçuların motivasiyası ilə bağlı suala belə cavab verib:

“Turnir cədvəlinin sonuncu pilləsində olsaq da, hər matça qələbə qazanmaq üçün çıxırıq”.

Ukraynalı baş məşqçi mətbuat konfransında Azərbaycan xalqını Zəfər Günü münasibətilə də təbrik edib:

“Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hazırda Ukraynada müharibə davam edir və bunun nə demək olduğunu yaxşı bilirəm”.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk dövrəni qələbəsiz başa vurub və dörd xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.Biz