“Səbail”in futbolçusu çempionluq mübarizəsindən danışdı

7 Noyabr 2026 17:17
35
“Səbail”in futbolçusu çempionluq mübarizəsindən danışdı

“Heç şübhəsiz ki, çempionluğa oynayan komanda bütün matçlarda qalib gəlməlidir. Amma qızıl medal uğrunda təkcə “Səbail” deyil, “Karvan-Yevlax”, “Şahdağ Qusar” və “Gəncəbasar” da mübarizə aparır”.

Bu sözləri “Səbail”in futbolçusu Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu komandasının geridə qalan turlarda çıxışını dəyərləndirib.

“Yeddi turda 12 xal toplamağımız bizi qane etmir. Çempionluq yolunda gözləmədiyimiz xal itkiləri ilə üzləşirik. Turnir cədvəlinin lideri “Şahdağ Qusar”dan altı xal geridəyik. Ancaq düşünürəm ki, bu, böyük fərq deyil və istənilən an vəziyyəti dəyişə bilərik. Birinci Liqa çətin çempionatdır. Burada hər komanda digərindən xal ala bilər”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Əmirquliyev futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu bildirib:

“Təbii ki, baş məşqçinin və kollektivin ötən illə müqayisədə 90 faiz dəyişməsi də öz təsirini göstərir. Futbolçuların bir-birinə və baş məşqçinin oyun sisteminə uyğunlaşması üçün zamana ehtiyac var. Dediyim kimi, çempionat hələ yeni başlayıb. Liderlə aramızdakı 6 xallıq fərqi aradan qaldırmaq elə də çətin deyil”.

Qeyd edək ki, “Səbail” Birinci Liqada yeddi turdan sonra 12 xalla beşinci pillədə qərarlaşıb.

İdman.Biz