“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra hakimliyi sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib və son iki oyunda hakim qərarlarına görə dörd xal itirdiklərini bildirib.
Əvvəlcə oyunu şərh edən baş məşqçi komandasının oyunundan razı qaldığını deyib:
“Əvvəlcə xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Düşünürəm ki, yaxşı və dinamik oyun alındı. Çoxlu qol epizodları yaratdıq, iki qol vurduq. Təəssüf ki, fərdi səhvlərdən yenə iki top buraxdıq. Amma oyunumuzda və inkişafımızda irəliləyiş göz qabağındadır”.
Həşimov daha sonra hakim qərarlarından narazılığını dilə gətirib:
“Yəqin ki, hakimlikdən danışacağımı gözləyirsiniz. Bu barədə danışmağa məcburam. Ötən tur qapımıza təyin olunan penaltinin yanlış olduğunu Rəhim Həsənov da təsdiqlədi. Bu matçda baş verənlər də göz qabağında idi. İlk qolumuz zamanı Əliyar Ağayev epizod başa çatmamış fit çaldı. Halbuki epizodun sonadək davam etməsinə imkan verə bilərdi. Xırda qayda pozuntularında da üstünlük rəqibə verilirdi. Rəqib futbolçu özü topun əlinə dəydiyini etiraf edir, hakimlər isə bunun əl deyil, çiyin olduğunu deyirlər. Təmiz qolumuzu da qeydə almırlar. Ögey münasibətlə üzləşmək istəmirəm. Futbolçular əziyyət çəkirlər. Son iki oyunda baş verənlər nəticəsində dörd xalımız əlimizdən alınıb. Bunu açıq deməkdən çəkinmirəm”.
Baş məşqçi komandasının oyunlara yaxşı başlamasına baxmayaraq, üstünlüyünü sona qədər qoruya bilməməsinin səbəblərinə də toxunub:
“Sadə qollar buraxırıq. Artıq bir neçə oyundur ki, bu hal təkrarlanır. Bunun üzərində işləyirik. Beş yerli futbolçu ilə oynayırıq. Heyətimizdə ötən mövsüm Birinci Liqada çıxış etmiş oyunçular da var. Bəzi səbəbləri mətbuatda açıqlamaq mümkün deyil. Amma bu vəziyyət bizi narahat edir”.
Həşimov futbolçuların bir neçə aydır maaş almadığı barədə yayılan məlumatlara da münasibət bildirib:
“Maaşlar tam şəkildə ödənilib. Bəli, müəyyən gecikmə olmuşdu və bununla bağlı bütün futbolçulara məlumat verilmişdi. Yeni komandayıq, bəzi oyunçuların bank hesablarının açılmasında gecikmə yaranmışdı. Hazırda klubun heç kimə borcu yoxdur”.
Mütəxəssis müdafiə xəttindəki problemlər və mümkün transferlərlə bağlı da fikirlərini bölüşüb:
“Büdcəmizə uyğun çox yaxşı komanda qurmuşuq. Mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra bəzi legionerlərimizlə bağlı müzakirələr gedirdi. Onlardan biri də Bafode Dansokodur. Artıq iki turdur ki, çox yaxşı futbol oynayır. Müdafiəçilərimizin çıxışından ümumilikdə narazı deyiləm. Sadəcə, qol epizodlarına qədər müəyyən səhvlərə yol veririk və bunlar qolla nəticələnir. Hazırda transferlə bağlı addım atmaq imkanımız yoxdur. Mövcud futbolçularla işləyərək problemləri həll etməliyik”.
