UEFA “Qarabağ” - “CSKA Sofia” oyunu azarkeşləri üçün sabah qərar verə bilər

19 İyul 2026 21:37
443
UEFA “Qarabağ” - “CSKA Sofia” oyunu azarkeşləri üçün sabah qərar verə bilər

Bolqarıstanın “CSKA Sofia” futbol komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək səfər oyununa azarkeş aparmaya bilər.

İdman.Biz xəbər verir ki, UEFA Bolqarıstan klubuna 23 iyulda Bakıda baş tutacaq qarşılaşma üçün qonaq azarkeş sektoruna bilet satışını yekun qərar verilənədək dayandırmağı tövsiyə edib. Buna “Derri Siti” ilə cavab matçında tribunada baş verən insidentlər səbəb olub.

UEFA İntizam Qaydalarının 55-ci maddəsinə uyğun olaraq həm “Derri Siti”, həm də “CSKA Sofia” ilə bağlı təcili intizam işi açıb. Şimali İrlandiyada keçirilən və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüş azarkeşlər arasında yaranan qarşıdurmaya görə təxminən 15 dəqiqə dayandırılıb.

“CSKA Sofia”ya qarşı beş ittiham irəli sürülüb. Bolqarıstan klubu azarkeşlərin meydana müxtəlif əşyalar atması, stadiona və onun avadanlıqlarına zərər vurması, iğtişaşlar, irqçi və ya ayrı-seçkilik xarakterli davranış, həmçinin klub əməkdaşının etik davranış qaydalarını pozması ilə bağlı ittiham olunur.

UEFA bildirib ki, araşdırmanın nəticəsi azarkeşlərin növbəti oyunlarda iştirakına təsir göstərə bilər. Buna görə də yekun qərarın həftənin əvvəlində, “Qarabağ”la ilk qarşılaşmadan öncə açıqlanması gözlənilir.

“CSKA Sofia” rəhbərliyi isə azarkeşlərinin Azərbaycandakı oyunda iştirakına icazə verilməsi üçün bütün imkanlardan istifadə edəcəyini açıqlayıb. Klub UEFA-ya təhlükəsizliyin təşkili, stadiondakı şərait və yerli qurumların fəaliyyəti ilə bağlı mövqeyini təqdim edəcək. Bolqarıstan təmsilçisi eyni zamanda aqressiya, xuliqanlıq və ayrı-seçkilik xarakterli bütün hərəkətləri qəti şəkildə pisləyib.

Qeyd edək ki, qarşılaşma üçün bu günə olan məlumata görə 16300 bilet satılıb.

İdman.Biz
Məqalədə: