Ötən mövsüm Misli Premyer Liqasını tərk edərək Birinci Liqaya yuvarlanan, bu mövsüm isə geri dönə bilməyən “Səbail” klubunda istefalar reallaşıb.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, Bayıl klubunun idarəetməsində çalışan şəxslər postlarından ayrılıblar.
Söhbət klubun icraçı direktoru Firuz Abdulla, baş direktor Zamiq Hüseynov və mətbuat sözçüsü Rəşad Məmmədovdan gedir.
“Dənizçilər”in sponsorsuz, yalnız AFFA-dan ayrılan maliyyənin ümidinə qalması onları bu addımı atmağa vadar edib.
Mayın 17-22-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) cəlb olunan Zamiq Hüseynov bu günlərdə klubdakı işini birdəfəlik tərk etdiyini təsdiqləyib.
Qeyd edək ki, “Səbail” mövsümü üçüncü yerdə başa vurub və liderdən yeddi, pley-offa vəsiqə qazanan “Mingəçevir”dən isə bir xal geri qalıb.
