“Əsas rəqiblərimizlə keçirdiyimiz oyunların heç birində məğlub olmamışıq və inanıram ki, növbəti qarşılaşmalarda da bu seriyanı davam etdirəcəyik. Lakin xal itkilərimizin böyük hissəsi turnir cədvəlində bizdən aşağıda qərarlaşan komandalarla oyunlara təsadüf edib. Son dövrədə bu çatışmazlığı aradan qaldıra bilsək, mövsümün sonunda qarşıya qoyduğumuz hədəfə çatacağıq”.
Bu fikirləri “Səbail”in baş məşqçisi Adil Şükürov səsləndirib.
Təcrübəli mütəxəssis “Baku Sportinq”lə keçiriləcək qarşılaşma barədə də danışıb.
“Baku Sportinq”lə oyunumuz olduqca vacibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik və bunun üçün maksimum gücümüzü ortaya qoyacağıq. Rəqibin turnir cədvəlindəki mövqeyini qorumaq üçün oyuna fəal başlayacağı gözləniləndir və biz buna tam hazır olmalıyıq. Artıq mövsümün həlledici mərhələsidir və qazanılan hər xal xüsusi əhəmiyyət daşıyır. Qarşıda hələ yeddi tur var və bu müddətdə turnir cədvəlində dəyişikliklərin olacağını istisna etmirəm. Birinci Liqada hadisələrin gedişi tez-tez gözlənilməz şəkildə dəyişə bilir. Komanda bu cür matçlara tam hazır olmalıdır. Belə oyunlarda bəzən bir qol və ya hakimin bir qərarı oyunun taleyini müəyyənləşdirir. Buna görə də hakimlər üzərlərinə düşən məsuliyyəti maksimum anlamalıdır. Onların qərarları həm meydanda, həm də kənarda dərhal reaksiyaya səbəb olur”, - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.
A.Şükürov komandasının çıxışına da toxunub: “Bəzən qalib gələ biləcəyimiz oyunlarda xal itirmişik, lakin çətin səfərlərdən uğurlu nəticələrlə qayıtmışıq. Birinci Liqada komandaların səviyyəsi, eləcə də bəzi hallarda hakim qərarları nəticələrə ciddi təsir göstərir və gözləntilərin əksinə nəticələr ortaya çıxır. Bununla belə, komandanın oyununda irəliləyiş və dinamikanın artdığını müşahidə edirəm. Sözlərim yanlış anlaşılmasın, məndən əvvəl çalışan həmkarlarımın əməyini kölgədə qoymaq niyyətində deyiləm. Sadəcə hər məşqçinin özünəməxsus yanaşması və tələbləri olur, buna uyğunlaşmaq isə müəyyən vaxt tələb edir. Komanda Premyer Liqadan düşüb və yenidən yüksəlişə nail olmaq bütün kollektiv üçün ciddi məsuliyyətdir. Hər kəs – istər rəhbərlik, istərsə də əməkdaşlar bu məqsəd uğrunda çalışır. Ümid edirəm ki, buna nail olacağıq. Birinci Liqanın özünəməxsus çətinlikləri var və bu, həm futbolçu seçimi, həm motivasiya, həm də hakim qərarları ilə fərqlənir. Bütün bu məqamlara hazır olmaq vacibdir”.
Sonda baş məşqçi mövsümün həlledici mərhələsi ilə bağlı fikirlərini bölüşüb: “Mövsümün sonuna az vaxt qalıb və bu mərhələdə fiziki hazırlıq, taktiki düzgünlük və psixoloji dayanıqlıq xüsusi önəm daşıyır. Lakin bütün bunlara təsir edən əsas amillərdən biri də oyunun idarə olunmasıdır. Bəzən bir anda verilən qərar həftələrlə, hətta mövsüm boyu görülən işlərin nəticəsinə təsir edə bilər. Ümid edirəm ki, fikirlərim düzgün anlaşılacaq. Bu gün hakimlərin əksəriyyəti vaxtilə böyük hörmət bəslədiyimiz insanların yetirmələridir, bəziləri isə özümüzün məşqçi kimi çalışdığımız dövrdə futbolçularımız olub. İnanıram ki, onlar hər zaman ədalətli və düzgün qərarlar verəcəklər”.
