Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17 May 2026 22:20
129
Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunda “Sumqayıt” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularına təşəkkür edib və komandasının mövsümün ən yaxşı oyunlarından birini keçirdiyini bildirib.

“İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi. Çünki üç gün əvvəl ağır məğlubiyyət yaşamışdıq. Buna baxmayaraq, futbolçular son dəqiqəyə qədər meydanda əllərindən gələni etdilər. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı bu gün möhtəşəm oynadı”, - deyə Sadıqov bildirib.

“Sabah”ın “Neftçi” ilə matçdakı start heyəti barədə suala cavab verən baş məşqçi bunu gizlətməyib:

“Düzünü desəm, “Sabah”ın start heyətini görəndə bir az məyus oldum. Bu, rəqabətdir. Biz də istəyirik ki, rəqiblərimiz xal itirsin. “Neftçi”ni ürəkdən təbrik edirəm. Onlar xüsusilə çempionatın sonuna yaxın meydanda əzmkarlıq göstərdilər və avrokuboklara vəsiqəyə layiq idilər”.

Sadıqov azarkeşlərlə söhbətinə də toxunub:

“Mübahisə etmirdik, sadəcə danışırdıq. “Zirə”nin azarkeş sayı çox deyil, bəzilərini simadan tanıyıram. Erenlə bağlı sual verilmişdi. Ola bilsin, kubok finalında onun erkən əvəzlənməsi ilə bağlı idi. Həm İssa, həm də Eren zədəli idi. Əks halda kim Ereni meydandan çıxarmaq istəyərdi?”

Baş məşqçi legioner limitindəki dəyişikliklərin komandaya ciddi təsir etdiyini də qeyd edib:

“Son üç ildə dörd yarışda ikinci olmuşuq. Bu, “Zirə” üçün böyük nəticədir. Azarkeşlər daha artığını istəyirlər. Legioner limitinin dəyişdirilməsi bizim üçün ciddi problem yaratdı. Mövsüm boyu zədələr və futbolçu itkiləri də oldu. Açığı, bu mövsüm 6-7-ci yerlərdə olsaydıq, təəccüblənməzdim. Amma klubumuza, camiəmizə və azarkeşlərimizə sona qədər mübarizə apardıqları üçün təşəkkür edirəm”.

İdman.Biz