Yuri Vernidub: “Qarşımıza qoyulan məqsədə çatdıq”

17 May 2026 21:40
207
Yuri Vernidub: “Qarşımıza qoyulan məqsədə çatdıq”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 32-ci turunda “Sabah” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis qarşıya qoyulan vəzifəni yerinə yetirdiklərini bildirib.

“Əla axşamdır. Qarşımıza qoyulan məqsədə çatdıq. Mən komandaya gələndə dördüncü yerdən çox uzaq idik, amma qarşıda 19 tur var idi. Tapşırıq çətin idi. Buna baxmayaraq bilirdim ki, yaxşı oynasaq, mükafatımızı alacağıq. Bu gün xoşbəxt insanam”, - deyə Vernidub bildirib.

Baş məşqçi komandanın oyununda baş verən dəyişikliklərə də toxunub:

“Futbolçularla daim fərdi söhbətlər aparırdım. İntizamı düzəltdik. Oyunçulara böyük yüklənmələr verirdik. Biz “Neftçi”yik və hər matçda bir nömrə ilə oynamalı idik. “Sabah” və “Qarabağ” kimi görünməli idik. Futbolçular mənə inandılar, mən də onlara. Bu çox vacib idi. Klubun bütün əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm. Rəhbərlik hər zaman bizə dəstək oldu. Bütün bunlar uğurumuzun əsas səbəbi idi”.

Vernidub mövsümün sonunda heyətdə dəyişikliklərin mümkün olacağını da gizlətməyib:

“Komandaya gələndə hamıya demişdim ki, mövsümün sonuna qədər qalacaqlar. Qərar yalnız mövsüm bitəndən sonra veriləcək. Kiminsə müqaviləsi başa çatır, kiminsə davam edir. Yeni qan lazım olacaq. Konfrans Liqasının ilk mərhələsində mübarizəni dayandırmaq istəmirəm. Mən Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çalışmışam, indi isə Konfrans Liqasının əsas mərhələsində oynamaq istəyirəm. Qarşıda bizi çox iş gözləyir”.

İdman.Biz