Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirən Musa Qurbanlı “Qarabağ”ın forması ilə çempionluqlar, nailiyyətlər və uğurlar qazanmaq istəyir.
Forvard yubiley matçına çıxması ilə bağlı fikirlərini bölüşüb.
“Təəssüratlarım çox xoşdur. Bu, həm də qürurverici hissdir. Belə klubun formasını geyinmək mənim üçün həm şərəfdir, həm də məsuliyyət. Çünki “Qarabağ”ın forması çox “ağırdır”. Bu klubun üzərində Qarabağımızın adı və məsuliyyəti var”, - deyə o, report.az-a açıqlamasında bildirib.
M.Qurbanlı Ağdam təmsilçisinin üzvü olduğu üçün fəxr etdiyini sözlərinə əlavə edib:
“İllərdir bu klubdayam, “Qarabağ”da yetişmişəm. Komandanın adını daşımaq və şərəfini qorumaq mənim üçün zövq və qürurdur. Bu klubun forması ilə çempionluqlar, nailiyyətlər və uğurlara nail olmaq istəyirəm”.
Xatırladaq ki, Musa Qurbanlının yubileyi Misli Premyer Liqasının 24-cü turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.
