Tahir Gözəl: “Püşkdən öncə mümkün rəqiblərimizin gücünə bələd idik"

Xəbərlər
18 Dekabr 2023 22:07
206
Tahir Gözəl: “Püşkdən öncə mümkün rəqiblərimizin gücünə bələd idik"

“Azərbaycanı ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsində, bu raundun püşkatmasında təmsil etmək bizim üçün qürurdur”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın prezidentı Tahir Gözəl deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edən klub rəhbəri rəqibə münasibət bildirib. O, “Braqa”nın güclü komanda olduğunu və “Qarabağ”ın daha uğulu nəticələr qazanmağı hədəflədiyini qeyd edib: “Biz bu gün tarixi bir hadisəni yaşadıq. Buna canlı şahidlik etmək üçün tədbirə şəxsən özüm qatıldım. Püşkdən öncə mümkün rəqiblərimizin gücünə bələd idik. Bu 8 klub Çempionlar Liqasında öz iddiaları ilə seçilən komandalardır. Onlar qitənin ən nüfuzlu klub turnirindən gəliblər. “Braqa” da belə komandalardan biridir. Güclü Portuqaliya çempionatında çıxış edirlər və avrokuboklarda müntəzəm oyunları ilə seçilirlər. Güclü komandaların yer aldığı bu mərhələdə asan rəqib olmur. “Qarabağ”ı və ölkəmizi bu səviyyəyə gətirdiyimizə sevinirəm. Lakin bununla kifayətlənmək istəmirik və missiyamız hələ davam edir. “Qarabağ” təkcə 30-35 nəfərdən ibarət deyil. Milyonlarla insanın ürəyi bizimlədir. Püşkatmanın keçirildiyi zalda 10 milyon azərbaycanlı olduğunu hiss etdim. “Qarabağ”a, vətənimə uğurlar arzulayıram. Hamı əmin olsun ki, klubumuzu və Azərbaycanı ən yaxşi səviyyədə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.

İdman.biz