Qurban Qurbanov: “Qarşımızda istəkli bir komandanın olmasını nəzərə almalıyıq” - MÜSAHİBƏ

Müsahibə
13 Dekabr 2023 13:26
1 227
Qurban Qurbanov: “Qarşımızda istəkli bir komandanın olmasını nəzərə almalıyıq” - MÜSAHİBƏ

“Bu il avrokubokda son oyunumuza çıxacağıq. Çox vacib matçdır”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasında İsveç “Hekken”i ilə oyundan öncə mətbuat konfransı keçirib. O, futbolçularının dekabrın 14-də baş tutacaq matça tam hazır olduğunu bildirib: “Yaxşı hazırlıq keçmişik. Sadəcə, rəqibin də bəzi müsahibələrindən görürük ki, bu görüşə çox ciddi yanaşırlar. Qrup mərhələsini xalsız tərk etmək istəmirlər. Qarşımızda istəkli bir komandanın olmasını nəzərə almalıyıq. İnanıram ki, futbolçularımız həm psixoloji, həm də taktiki cəhətdən qarşılaşmaya hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını göstərməyə cəhd edəcəklər. Onlara güvənirəm. Hələlik 1 gün vaxtımız da var. Oyunadək komandaya tam ətraflı məlumat verəcəyik. İşləmədiyimiz bəzi detallar var ki, onların da üzərində bu gün və sabah çalışacağıq”.

- “Hekken”lə oyunda Kevin Medina iştirak etməyəcək. Onun yoxluğu sizi nə dərəcədə narahat edir?

- Çox istərdim ki, bu oyunda hamı iştirak etsin. Qrup ikincisi olmağa şansımız varsa, futbolçular bunu haqq ediblər. Belə bir görüşdə hamının sağlam olmasını istərdim. Medina nəinki oyunda, heç Bakıda olmayacaq. Dünən əməliyyat edilib. Özü ilə görüntülü danışdım. Burada olmağı çox istəyirdi. Dedi ki, yanınızda olduğumu hiss edin və belə də hiss edirik. Əsas oyunçularımızdan biridir. Amma bu gün bunu düşünməli deyilik, sırf matçı, hansısa problemimiz varsa, onu aradan qaldırmağı düşünməliyik. İnanıram ki, digər futbolçular bunu bacaracaqlar. Dəfələrlə şahidi olmuşuq ki, nəinki 1, hətta 2-3 əsas heyət oyunçularımız meydanda olmayıblar. Amma digərləri onları çox düzgün sığortalaya biliblər. Veşoviçin isə durumu normaldır. Bu gün də, sabah da məşqimiz var. Oyuna kimi hər şey tam qaydasında olsa, inanıram ki, meydana çıxacaq.

- Stadionda ot örtüyünün vəziyyəti necədir?

- Meydanda hər şey qaydasındadır. Bakıda nadir hallarda güclü yağışlar olur. Bir müddət bundan öncə dəyişikliklər olub. Gəlib bir az gəzdim. Əsl futbol oynanılası havadır. İnanıram ki, sabah yaxşı oyun göstərmək üçün hər şey qaydasındadır.

- “Qarabağ” tarixi hadisəni reallaşdıra bilər. Böyük ehtimalla, Azərbaycan klubu ilk dəfə Avropa Liqasında yoluna davam edəcək. Oyundan öncə hansı hisslər keçirdirsiz?

- ⁠Belə situasiya ilə ilk dəfə üzləşmirik. Çünki bir neçə dəfə son matçlarda, hətta son saniyələrdə şansımızı əldən vermişik. Bu gün də şansımız var. Futbolçularımla danışırıq. Hər bir azarkeşdə, o cümlədən idman ictimaiyyətində həddindən artıq istək çoxdur. Narahat olduğum məqamlar həmişə bunlar olub. Bu tələb deyil, sadəcə futbolçulardan istəkdir. Amma biz oyuna soyuqqanlı yanaşmalıyıq ki, səhvlər buraxmayaq. Rəqibə qarşı düzgün oynamalıyıq, futbolçular bunu meydanda yerinə yetirməyi bacarmalıdırlar. Amma bu gün bunu etməyə şansımız var. Çalışacağıq ki, meydanda düzgün oyunla yerinə yetirək. Daim nəticələrimizi qoruyub saxlamaq və imkan olduqca 1 addım irəli getmək istəyirik. İnanıram ki, sabah futbolçularım yaxşı oyun göstərməyə çalışacaqlar və bunu bacaracaqlar.

Qeyd edək ki, görüş saat 21:45-də başlayacaq.

Banuçiçək Hüseynli

İdman.biz