Hacı Əliyev xalçaya qayıtdı və ABŞ-də məğlub oldu - VİDEO

14 İyun 2026 09:36
126
Hacı Əliyev xalçaya qayıtdı və ABŞ-də məğlub oldu - VİDEO

Olimpiya Oyunlarının ikiqat mükafatçısı və üçqat dünya çempionu Hacı Əliyev ABŞ-nin Sent-Luis şəhərində keçirilən “Real American Freestyle 10” turnirində məğlub olub.

İdman.Biz xəbər verir ki, çempion Puerto-Riko təmsilçisi Sebastyan Riveraya 5:9 hesabı ilə uduzub.

Bu, 35 yaşlı azərbaycanlı güləşçinin 2024-cü ildə peşəkar karyerasını başa vurmasından sonra xalçaya nadir dönüşlərindən biri olub. RAF yarışlarında həm fəaliyyətdə olan və sabiq güləşçilər, həm də qarışıq döyüş növlərinin təmsilçiləri iştirak edə bilərlər.

Əliyevin rəqibi 2023-cü il dünya çempionatının gümüş mükafatçısı və Paris Olimpiadasının bürünc medalçısı, 27 yaşlı Sebastyan Rivera olub. Qarşılaşmanın gedişində Puerto-Riko təmsilçisinin gənclik üstünlüyü və daha yüksək fiziki hazırlığı özünü göstərib.

Turnir Dünya Güləş Birliyinin (UWW) və ABŞ Güləş Federasiyasının qaydaları əsasında keçirilir. Görüşlər hər biri iki dəqiqə davam edən üç hissədən ibarətdir.

“Real American Freestyle” təşkilatı 2025-ci ilin aprelində yaradılıb və böyük qonorarlar sayəsində artıq dünyanın aparıcı güləşçilərinin diqqətini cəlb edib. Daha əvvəl Olimpiya çempionu Abdulrəşid Sadulayevin liqa ilə hər çıxış və qələbəyə görə ödənişi nəzərdə tutan eksklüziv müqavilə imzaladığı bildirilirdi.

İdman.Biz