“Bütün bu çətinliklərə baxmayaraq dözürük, beynəlxalq yarışlarda medallar qazanırıq”.
Bunu iyulun 30-da 61 yaşını qeyd edən yunan-Roma güləşi üzrə Ukrayna milli komandasının azərbaycanlı məşqçisi Yaşar Nəsirov AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- İlk olaraq Ukraynaya gedişiniz və məşqçilik fəaliyyətinə başlamağınız haqqında məlumat verərdiniz...
- 1985-ci ildə gənclər arasında Azərbaycan çempionu oldum və həmin il Kiyevdən dəvət aldım. Əfsuslar olsun ki, 1985-ci ilin sonunda ağır zədə aldığım üçün idmançı karyeramı tez başa vurmalı oldum. Bundan sonra Kiyevdə qaldım və məni uşaq məşqçisi kimi işə götürdülər. 20 il uşaq məşqçisi kimi çalışdıqdan sonra fəaliyyətimi qiymətləndirərək gənclərdən ibarət yığmaya böyük məşqçi təyin etdilər. 15 il gənclər yığmasında çalışdım, müxtəlif turnirlərə, o cümlədən Azərbaycandakı yarışlara qatıldıq. Vətənimdə bizi həmişə çox yüksək səviyyədə qarşılayıblar. Qeyd edim ki, mən Sumqayıtda, Alüminium zavodunun zalında, Qərib Əliyevin rəhbərliyi altında güləşmişəm və 20 yaşıma kimi orada olmuşam. “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra fəaliyyətimi Ukraynanın böyüklərdən ibarət yığmasında davam etdirirəm.
- Doğum gününüzdə aldığınız ən unudulmaz hədiyyə hansı olub?
- Ən böyük hədiyyə 2018-ci ildə İtaliyada keçirilən gənclər arasında Avropa birinciliyində olub. Ad günüm həmin yarışa təsadüf etmişdi. 63 kiloqram çəki dərəcəsində mübarizə aparan tələbəm Aleksandr Quruşin finalda rəqibinə qalib gələrək qızıl medal qazandı və qələbəsini mənə həsr etdiyini bildirdi. Bununla yanaşı, Tokio Olimpiadasının gümüş mükafatçısı Pərviz Nəsibovla da gənclər yığmasında birgə işləmişik. O, 2016 və 2018-ci illərdə gənclər arasında Avropa çempionu olarkən də böyük sevinc yaşamışıq.

- Uzun illərdir Ukraynada fəaliyyət göstərirsiniz. Müharibə şəraiti idmançıların hazırlıq prosesinə necə təsir göstərir?
- Müharibə idmana çox böyük zərbə vurub. Müharibədən əvvəlki dövrlə indiki vəziyyət arasında yerlə göy qədər fərq var. Bir çox idmançımız ölkəni tərk etmək məcburiyyətində qaldı. İdman bazalarımızın çoxu dağıdılıb. Elə vaxtlar olur ki, zalda işıq olmadığı üçün telefonların işığı altında məşq keçirik. Bütün bu çətinliklərə baxmayaraq dözürük, beynəlxalq yarışlarda medallar qazanırıq.
- Azərbaycan güləşinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Azərbaycan güləşini mütəmadi izləyirəm və nəticələrlə fəxr edirəm. Mən özüm də Azərbaycan güləş məktəbinin yetirməsiyəm. Bizim komandalar həmişə ilk “üçlük”də yer alır. Azərbaycanda idmana, xüsusən də güləşə dövlət səviyyəsində çox böyük diqqət və qayğı var. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın yunan-roma güləşi üzrə milli komandasında bir nəfər də olsun legioner yoxdur, hamısı yerli pəhləvanlardır. Namiq Əliyev, Fərid Mansurov kimi mütəxəssislərin, eləcə də məşqçilər korpusunun zəhməti böyükdür. Nürəddin Rəcəbov kimi məşqçilər uşaqlara doğma övladı kimi yanaşırlar. Rövşən Bayramov, Fərid Mansurov, İslam Abbasov, Sənan Süleymanov, Rafiq Hüseynov, Elvin Mürsəliyev kimi böyük çempionlarımız var.

- Hazırda Bakıda davam edən U-17 dünya çempionatının təşkilatçılığı barədə nə deyə bilərsiniz?
- Mən 17 ildir nüfuzlu beynəlxalq yarışlara gedirəm, lakin bu yaş qrupunda belə möhtəşəm təşkilatçılıq görməmişdim. Adətən gənclərin yarışları daha sadə keçirilir. Amma Bakıdakı çempionatın zal tərtibatı, işıq-musiqi şousu, qarşılanma və ümumi atmosfer tam olaraq böyüklər arasında keçirilən dünya çempionatlarının səviyyəsindədir. Xaricdən gələn bütün həmkarlarım bu təşkilatçılığa heyran qalıblar.
- Azərbaycan idman ictimaiyyətindən doğum gününüzlə təbrik zəngləri aldınız?
- Bəli, çoxlu zəng və təbrik mesajları almışam. Azərbaycanda mənim dostlarım çoxdur. İstər federasiya rəhbərliyi, istərsə də məşqçilər və idmançılar hər zaman Bakıya gələndə bizi çox yüksək səviyyədə, qonaqpərvərliklə qarşılayırlar. Fürsətdən istifadə edib Vətəndəki bütün dostlarıma və idman ictimaiyyətinə salamlarımı çatdırıram.
