“Əvvəllər ruslara uduzurduq, indi daha çox qalib gəlirik” - Cəbrayıl Həsənovun İDMAN.BİZ-ə AÇIQLAMASI

2 İyun 2026 16:00
97
“Əvvəllər ruslara uduzurduq, indi daha çox qalib gəlirik” - Cəbrayıl Həsənovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışı iyunun 6-da Şamaxıda başlayacaq. Komanda oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatına hazırlaşacaq.

Bu barədə İdman.Biz-ə açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi, Olimpiya Oyunlarının mükafatçısı, dünya və Avropa çempionatlarının dəfələrlə medalçısı olan Cəbrayıl Həsənov məlumat verib.

“İdmançıları ən yüksək səviyyədə hazırlamağa çalışacağıq. Bundan əlavə, qarşıda beynəlxalq reytinq turnirləri də var və güləşçilərimiz həmin yarışlarda qüvvələrini sınaya biləcəklər. Məşqçilər korpusu olaraq əlimizdən gələni edəcəyik, ondan sonrakı mərhələ isə artıq idmançılardan asılıdır. Federasiya bizim üçün bütün zəruri şəraiti yaradıb. İndi qalır yarışlarda özümüzü ən yaxşı tərəfdən göstərək”, - deyə mütəxəssis bildirib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin gənc güləşçiləri haqqında da danışan Həsənov gələcəyə nikbin baxdığını vurğulayıb:

“U-15, U-17 və U-20 milli komandalarımızda perspektivli idmançılar var. İnanırıq ki, onlar qarşıdakı Olimpiadada olmasa belə, növbəti Olimpiya Oyunlarında Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldıracaqlar”.

Mütəxəssis Azərbaycan və Rusiya güləşçiləri arasındakı rəqabətə də münasibət bildirib:

“Əvvəllər bu idman növündə ən güclülərdən hesab olunan ruslarla qarşılaşmalarda çox vaxt nəyisə çatdırmırdıq. Amma son dövrlərdə bir çox gənc idmançımız onlara qalib gəlməyə başlayıb. İnşallah, yaxın gələcəkdə onlar bizi uğurları ilə daha da çox sevindirəcəklər”.

Sonda Həsənov uşaqlara idmanla daha çox məşğul olmağı və zərərli vərdişlərdən uzaq durmağı arzulayıb.

İdman.Biz